Səbir və namaz problem, çətinlik və sıxıntı qarşısında ən güclü vasitələrdir
Səbir və namaz problemlər qarşısında iki qüvvətli vasitədir
"Səbir və namazla (Allahdan) köməklik diləyin! Həqiqətən də, o ikisi, sözsüz ki, (ağır və) böyükdür, ancaq müti olanlara deyil". ("Bəqərə", 45)
Allah dərgahında hər nə qədər acizlik və bəndəçilik göstərsək, Onun tərəfindən daha çox yardım əldə edəcək və sıxıntılar üzərində qələbə çalacağıq.
Allahın göstərişi ilə Ondan yardım ummaq, "Fatihə" surəsində qeyd edilən "İyyakə nəstəin" - yəni "Səndən yardım diləyirik" ayəsi ilə heç bir ziddiyyət təşkil etmir.
Namazın adama ağır gəlməsi bəzən Allah qarşısında təkəbbürlü olmaqdan qaynaqlanır.
Qeyd etmək yerinə düşər ki, namaz insana Allahı xatırladır. İnsan Allahla danışmaq istədikdə namaz qılır. Allahın onunla danışmasını istədikdə Quran oxuyur. Namaz insana problemlər qarşısında Allaha arxalanmalı olduğunu yada salır, insan dua etməklə stresini bölüşür, dərdini Allahla bölüşdükcə məsələni tam surətində görür.
Səbir bəzi təfsirlərdə oruc kimi də göstərilmişdir. Hər halda səbirli olmaq problemlərdən çıxış yolu tapmaq üçün ən gözəl vasitələrdən biridir. Görün nə qədər adam səbirsizlik, dərhal reaksiya verməklə öz işini daha da çətinləşdirmişdir. Səbir ətalət deyil. Planlı iş görüb nəticəsini gözləmək və müşahidə etməkdir. Səbir oruc olsa belə, insanın daxilinin təmizlənməsinə, emosiyasının saflaşmasına səbəb olur.
Ən doğrusunu Allah bilir.
Hazırladı: Fərid Abdullah.