background img
banner

Allah Rəsulunun ağlaması

Increase text size Decrease text size

Bir gecə Allah Rəsulu həyat yoldaşı Ümmü Sələmənin evində idi. Gecə yarısı yuxudan qalxıb, evin qaranlıq hissəsində (oturaraq) dua və ağlamaqla (Allaha yalvarıb-yaxarmaqla) məşğul oldu. Ümmü Sələmə Allah Rəsulunu yatağında görməyincə, qalxıb onu axtarmağa başladı. Bir də gördü ki, Allah Rəsulu evin bir qaranlıq hissəsində durub, əllərini göyə qaldırmış, ağlayaraq Allaha belə yalvarıb-yaxarır:

“İlahi, əta etdiyin nemətləri məndən əsirgəmə. Məni – düşmənlərin mənə gülmə səbəbi etmə; qısqanc adamları mənə müsəllət etmə.

İlahi, məni qurtardığın pislik və çirkinliklərə geri çevirmə.

İlahi, Məni heç bir zaman və heç bir an öz başıma buraxma; Özün məni hər şeydən və hər afətdən (bəladan) qoru!”

Ümmü Sələmə Allah Rəsulunun bu halını görüncə, ağlayaraq öz yerinə qayıtdı. Allah Rəsulu Ümmü Sələmənin ağlamaq səsini eşidib, ona tərəf yaxınlaşıb, nə üçün ağladığını soruşdu.

Ümmü Sələmə dedi: “Ey Allah Rəsulu, sənin ağlamağın məni ağlatdı. Sən nə üçün ağlayırsan? Allah qatında o boyda məqam və yaxınlığına rəğmən, Allahdan bu şəkildə qorxursan. Allahdan bir an belə, səni öz başına buraxmamasını istəyirsən. Əgər belədirsə, onda vay bizim halımıza!”

Allah Rəsulu onun sözünə cavab olaraq belə buyurdu:

“Necə qorxmayım, necə ağlamayım, necə öz aqibətimdən nigaran qalmayım, necə öz məqam və mövqeyimə arxalanım? Bir halda ki, Allah-taala Yunisi bir anlıq öz halına buraxdı və onun başına gəlməməsi lazım olan şey gəldi”. (“Bihar”, c.16, s.217)

Qeyd edək ki, həzrət Yunis peyğəmbərliyə seçildi və Neynəva şəhərində öz xalqına təbliğ etməyə başladı. Ancaq xalq həqiqəti ondan qəbul etmədi. Yunis vəzifəsinin sona çatdığını güman edərək, ilahi əmr yetişmədən qəzəbli bir halda şəhəri tərk edərək qövmünün arasından çıxıb getdi. Durmadan yol getdi, nəhayət, dəniz sahilinə çatdı. Dənizdə də gəmidən bayıra atılaraq balığın qarnında yer aldı. Bu müsibətə düçar olduqda özünə gələrək təbliğ etməkdə səbir və dözümlük göstərməsi lazım olduğunu və Allahın icazəsi olmadan qövmünün arasından kənara çıxmasının doğru olmadığının fərqinə vardı. Bu səbəbdən qaranlıqlar arasında münacat etməyə başladı və Allahdan qurtulmasını istədi. Allah da onun duasını qəbul edərək ona nicat verdi.

 

Tarix : 2016-10-14Baxış sayı : 1673