background img
banner

Aristotel, Platon, Pifaqor və Sokrat peyğəmbər olub?

Increase text size Decrease text size

Sual: Ustadımız Ayətullah Cavadi Amilidən nəql etmişlər ki, Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Bu beş nəfər peyğəmbər idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosof olmuşdur ki, peyğəmbər olsun?

Ümumi cavab: Qurani-Kərimdə, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə, ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün ola bilməsini müzakirə etmişlər.

            Bu barədə din mütəfəkkirlərindən birindən nəql vardır ki, müasir Orta Şərq tarixi göstərir ki, Aristotel, Sokrat və s. kəslər həzrət İbrahimin şagirdlərindən olmuşdur. Çünki o zamana qədər Orta Şərq camaatı ya inkarçı, ya da müşrik olmuşlar. Həzrət İbrahim birinci dəfə tövhid üçün dəlil-sübut irəli sürdü. Bundan sonra dünya məsələnin nə olduğunu anladı. İbrahim düşüncəsi bütün Orta Şərqi, Yunanıstanı öz ağuşuna aldı və nəticədə aristotellər, sokratlar tərbiyə olundular.[1]

Ancaq Aristotel və Sokrat kimi fərdlərin peyğəmbər olmasına dair Ayətullah Cavadi Amilinin etiqad bəsləməsinə dair açıq-aydın bir söz tapa bilmədik.[2]

Koruşa gəlincə, Quranda bəyan olunan xüsusiyyətlərə və tarixçilərin nəzərlərinə diqqət etməklə aydın olur ki, bəziləri Zülqərneynin Koruş olduğuna inanırlar. Əlbəttə, bu mətləbin isbatı bir az çətindir. Təfsirçilərin hamısı bu əqidədədirlər və bir çox rəvayətlərdə gəlmişdir ki, Zülqərneyn peyğəmbərlərdən olmamışdır, əksinə, Allah bəndələrindən olan saleh bir bəndə olmuşdur. İmam Baqir buyurmuşdur ki, Zülqərneyn peyğəmbər deyildi, lakin Allahın sevdiyi bir saleh adam idi[3].[4]

            Buna görə də əgər Koruş və Zülqərneyn bir adam olsa belə, Koruşun peyğəmbər olması sübuta yetməyəcəkdir. Bu adamlardan başqa, heç bir filosof və ya riyaziyyatçı üçün peyğəmbər olmalarına dair bir iddia sübuta yetirilməmişdir.

 

Hazırladı: Fərid Abdullah

Aviny saytının materialından istifadə edilib.

 

 


[1] Ayətullah Cavadi Amulidən nəqlə əsasən şiə onlayn-dan götürülmüşdür.

[2] Bununla əlaqədar bu dəyərli alimin müəssisəsinə müraciət edilsin (İsra müəssisəsi)

[3] Təfsiru Nuris-Səqəleyn, c.3, s.294 və 295.

[4] İslamquest saytının 5214-cü cavabından götürülmüşdür.

Tarix : 2016-10-16Baxış sayı : 120