background img
banner

İmam Həsənə nisbət verilən çoxarvadlılıq xüsusiyyəti

Increase text size Decrease text size

İmam Həsən çoxlu qadınlarla evlənmiş və onları boşamışdırnı? 
İslamın hədis mənbələrində rast gəlinən təəssüfedici böyük bəlalardan biri qərəzli və natəmiz adamlar vasitəçiliyilə səhih hədislər arasına qondarma və yalan hədislər salmaq olmuşdur. 
Bildiyimiz kimi, İmam Həsən Müctəba ikinci məsum imam olmuşdur. O elə bir şəxsiyyətlərdəndir ki, çox təəssüf, hədis qondaran və yalançı adamlar hədis və rəvayət formasında o həzrətə xoşagəlməz xüsusiyyətlər nisbət vermişlər. 

İmam Həsənə nisbət verilən qondarma rəvayətlərdən bir dəstəsi onun çox arvad alıb-boşaması barəsindədir. Burada deyiblər ki, yalan nə qədər böyük olsa, onu qəbul etmək bir o qədər asan olar. Belə ki, bəzi qurama hədislərdə İmamın boşadığı qadınların sayının üç yüz nəfərə çatdırmışlar. Sözsüz ki, bütün bunlar ləyaqətsiz, dəyərsiz, habelə ağıl və məntiqdən uzaq fikirlərdir. Tarixin şahidliyinə görə, əldə çoxlu dəliillər vardır ki, belə bir puç iddiaları batil edir. 
İmam Müctəba Ramazanın 15-də, hicrətin 2, yaxud 3-cü ilində dünyaya gəlib. Hicrətin 49-cu ilində, səfər ayının 28-də dünyasını dəyişmişdir. Onun yaşı 46, yaxud 47-dən çox olmamışdır. Əgər həzrətin birinci evliliyi 20 yaşında olsa, o zaman deyilən iddianı sarsıdacaq məsələlər ortaya çıxır. Belə ki, o zaman atasının şəhid olduğu müddətə, yəni hicrətin 40-cı ilinədək, yəni 18, yaxud 17 il ərzində çoxlu sayda evlilik və boşanma gerçəkləşməli idi. Bir halda ki, İmam Həsən atasının beş illik hakimiyyət dövründə üç döyüşün - Cəməl, Siffeyn, Nəhrəvan, hamısında iştirak edib. Habelə iyirmi dəfə Mədinədən Məkkəyə, yəni həccə piyada yol gedib. Elə isə necə mümkün ola bilər ki, bu müddət ərzində bu qədər evlənib-boşansın?! Belə şeylər iddia edilən hədisləri qəbul etmək mümkün deyil. Tarix kitablarında həzrət üçün qeyd edilən həyat yoldaşları, övlad və damadların sayı bu rəqəmlərlə heç cür uyğun gəlmir. Belə ki, ən çox övladın sayı 22, ən azının sayı isə 12-dir. Təkcə 13 nəfər həyat yoldaşının adı ona nisbət verilmişdir. Ancaq tərcümeyi-hal və şərhlərdə onların 3-dən artığının barəsində əldə məlumat yoxdur. Habelə tarix kitablarında və məlumatlarda üçdən artıq damad ona nisbət verilməmişdir. (İmam Həsənin həyatı, c.2, s.463-469, s.457) 
Əgər belə bir məsələ baş versəydi, o zaman paltarının rəngi, forması kimi xırda məsələlərə görə o həzrətdə bəhanə və eyib axtaran, düşmənçilik bəsləyən kəslər, hansı ki, bütün bunlar mənbələrdə mövcuddur, bu məsələyə görə ona irad bildirməli, hər danışıq və etirazlarında tənə və eyham vurmalı idilər. Bir halda ki, heç yanda belə bir durum gözə dəymir. Deməli, bütün bunlar uydurmadan, o həzrəti gözdən salmaq üçün xüsusi siyasi sifarişdən və qarayaxmadan başqa bir şey deyil.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-17Baxış sayı : 97