background img
banner

Bərəkətli on dirhəm

Increase text size Decrease text size

Peyğəmbər həzrət Əliyə tapşırdı ki, bazara gedərək ona köynək alsın. Həzrət Əli bazara gedib, on iki dirhəmə bir köynək alaraq evə qayıtdı.

Allah Rəsulu dedi: “Bu köynəyi neçəyə aldın?”

Həzrət Əli dedi: “On iki dirhəmə”.

Allah Rəsulu buyurdu: “Bu köynəyi belə istəmirəm. Bundan daha ucuzunu istəyirəm. Görəsən satıcı bunu geri alarmı?”

Həzrət Əli deyir: “Köynəyi götürüb, bazara qayıtdım. Peyğəmbərin istəyini satıcıya çatdırdım. Satıcı qəbul etdi. Pulu götürüb, Peyğəmbərin yanına döndüm. Allah Rəsulu ilə birlikdə köynək almaq üçün bazara doğru hərəkət etdik. Yolun yarısında ağlayan cariyə gördü. Yanına gedib dedi: “Niyə ağlayırsan?”

Cariyə dedi: “Ev yiyəsi mənə dörd dirhəm verərək bəzi şeylər almaq üçün bazara göndərdi. Ancaq mən pulu necə itirdiyimi bilmirəm. İndi də evə qayıtmaqdan qorxuram”.

Allah Rəsulu on iki dirhəmdən dörd dirhəmi cariyəyə verərək dedi: “İstədiyin şeyləri al və evə qayıt”.

O, şükür edərək bazara tərəf hərəkət etdi. Bazardan dörd dirhəmə bir köynək alıb, geyindi. Evə qayıdarkən yol kənarında çılpaq bir adam görüb, köynəyini çıxararaq ona verdi. Yenidən bazara qayıtdı və yenə dörd dirhəmə köynək alaraq evə tərəf hərəkət etdi. Yolun yarısında həmin cariyəni pərişan və çaşqın halda gördü. Bu səbəbdən “Nə üçün evinizə getmədin?” – dedi.

Cariyə dedi: “Ey Allahın Rəsulu, gecikmişəm. Məni döyəcəklərindən qorxuram”.

Allah Rəsulu dedi: “Gəl birlikdə gedək. Evinizi mənə göstər. Səni bağışlamaları üçün vasitəçi olaram”.

Allah Rəsulu həmin cariyə ilə birlikdə yola düşdü. Evlərinə çatdıqda cariyə dedi: “Evimiz budur”.

Allah Rəsulu qapının arxasından yüksək səslə dedi: “Ay ev yiyəsi! Əs-Səlamu əleykum!” Ancaq cavab gəlmədi. Yenidən, ikinci dəfə salam verdi. Yenə cavab eşidilmədi. Üçüncü dəfə bir daha salam verdikdə “Əleykəssəlam, ey Allahın Rəsulu, Allahın rəhməti və bərəkəti üzərinə olsun!” – deyə cavab verdilər.

Allah Rəsulu soruşdu: “Nə üçün birinci dəfə cavab vermədiniz? Məgər səsimi eşitmədiniz?”

Ev yiyəsi dedi: “Elə ilk dəfəsində eşitdik və sən olduğunu belə, anladıq”.

Peyğəmbər soruşdu: “Bəs nə üçün gec cavab verdiniz?”

Ev yiyəsi dedi: “Səsini bir neçə dəfə eşitmək istədik”.

Allah Rəsulu buyurdu: “Cariyəniz gecikmişdir. Onu danlamamağınız (cəzalandırmamağınız) üçün sizə dil-ağız etməyə gəlmişəm”.

Ev yiyəsi dedi: “Ey Allah Rəsulu, ayağınızın (qədəminizin) hörmətinə bu cariyə artıq (indən belə) azaddır!”

Sonra Allah Rəsulu öz-özünə dedi: “Allaha şükür, necə də bərəkətli on dirhəmdir! İki çılpağı örtdü və bir qulu azad etdi”. (“Bihar”, c.16, s.214)

Tarix : 2016-10-18Baxış sayı : 130