background img
banner

İmam Hüseyn haqqında zəruri bilgilər (1)

Increase text size Decrease text size

1. İmam Hüseynin məşhur ləqəbi “Seyyidüş-Şühəda”dır. Yəni şəhidlərin ağası.
2. Künyəsi Əbu Abdullahdır (Abdullahın atası).
3. Hicrətin dördüncü ili, şəban ayının üçü Mədinə şəhərində dünyaya göz açmışdır.
4. Həyatı dörd dövrə ayrılır: a) Babası Allah Rəsulunun dövrü; b) Atası həzrət Əlinin dövrü; c) Qardaşı İmam Həsənin dövrü; d) Özünün imamlıq dövrü.
5. On il imamlıq dövrü olmuşdur.
6. Altı il civarında Allah Rəsulunun dövründə yaşamışdır.
7. Otuz il atası ilə birlikdə olmuşdur.
8. Atasından sonra on il civarında qardaşı ilə birlikdə yaşamışdır.
9. Hər gecə Quran xətm edən və 40 il boyunca sübh namazını işa namazının dəstəmazı ilə qılan Büheyr ibn Hüzeyr İmam Hüseynin əshabından olmuşdur. O, zahid və abid birisi idi; ona “Seyyidul-Qurra” (Qiraətçilərin ağası) deyirdilər.
10. İmam Hüseynin oğlu həzrət Əli Əkbər gözəl simalı bir gənc olubdur. Camaat içində üz və əxlaq baxımından Allah Rəsuluna daha çox bənzəyən şəxs olmuşdur. Bir nəzərə görə Əhli-Beyt içərisindən şəhid olan birinci şəxs olmuşdur.
11. “Səqqa” ləqəbi verilən həzrət Əbülfəzl Abbas İmam Hüseynin bayraqdarı olmuşdur.
12. İmam Hüseynin Əsləm adlı qulamı vardı ki, Quran qiraətçisi idi. O, Quran ayələrini qəlbə işləyən yanıqlı səslə oxuyurdu.
13. İmam Hüseynin müəzzininin adı Həccac ibn Məsruq idi.
14. İmam Hüseyn hicrətin 60-cı ili, rəcəb ayının 28-də övladları, qardaşları (Məhəmməd ibn Hənəffiyyədən başqa) və qohum-əqrabasından bir dəstə ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət etmiş və cümə axşamı Məkkəyə çatmışlar. 
15. İmam Hüseyn və əshabı, təqribən 95 gün Məkkədə qaldılar. Amma həclərini tamamlaya bilmədiklərinə görə, onu ümrəyə çevirmiş, zilhiccə ayının 8-ci günü ailəsi və övladları ilə birlikdə Məkkədən İraqa doğru yola düşmüşlər.
16. Həclərini tamamlaya bilməmələrinin səbəbi bu idi ki, İmam Hüseyn Yezidin adamlarından bir dəstə insanın ona qarşı sui-qəsd etməsi üçün Məkkəyə göndərildiklərindən, həmçinin ehram libası altında gizlətdikləri silahla onu öldürmək istəklərindən xəbər tutdu. Buna görə də təməttö həccini ümrəyə çevirdi. İmam camaat qarşısında qısa çıxış etdi və sonra həmin günün sabahı, yəni zilhiccənin 8-ci günü bir dəstə yardımçıları, qardaş və qohumları ilə Allah evinin ehtiramını saxlamaq naminə Məkkədən İraqa doğru hərəkət etdi.
17. İmam Hüseynin Məkkədən çıxmadan bir gün öncə öz əshabına “Xuttal-Mövt” adı ilə məşhur olan bir xütbə söylədi. Xütbənin sonunda belə deyilir: (Məzmunən) “Kim bizim yolumuzda qəlbinin qanını tökməyə və Allaha qovuşmağa hazırsa, bizimlə gəlsin; mən sahah səhər, Allah qoysa, hərəkət edəcyəm”.
18. İmam Hüseynə Kufədən yüz əlli civarında məktub gəlmişdi.
19. Kufə camaatı İmam Hüseyni dəvət edən zaman on səkkiz min nəfər həzrətin elçisi Müslim ibn Əqilə beyət etmişdi.
20. İmam Hüseynin elçisi Müslim ibn Əqilin övladlarının adı İbrahim və Məhəmməd olmuşdur. Məhəmməd İbrahimdən böyük idi. Hər ikisi on yaşından kiçik idilər.
21. İmam Hüseynin qiyamına səbəb olan ən önəmli faktorlar bunlar idi:
a) Yezid hökümətinin İmam Hüseyndən beyət istəməsi və İmamın bu istək qarşısında rədd cavabı verərək “Zillət bizdən uzaqdır”, – deyə buyurması;
b) Qiyam üçün hazır olan Kufə xalqının İmamı israrla oraya dəvət etmələri;
c) İslamın füruid-dinindən sayılan yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək əmrilə əməl etməsi.
22. Kərbəla – qəm və bəla anlamındadır. İmam Hüseyn Kərbəla adını eşidəndə belə demişdir: “İlahi, kərb (qəm) və bəladan sənə sığınıram!”
23. Məqtəl yazanlar belə qeyd ediblər ki, İmam Hüseynin əshabı arasında belə bir adət vardı. Onlardan hər hansı biri döyüş meydanına getmək istədikdə həzrətin yanına gələrək belə deyirdi: “Əssəlamu əleylə yəbnə Rəsulillah!” (Salam olsun sənə, ey Allah Rəsulunun övladı). İmam da onların cavabını verərək “Biz də yaxında sizə qovuşacağıq” deyər və bu ayəni tilavət edərdi: “Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir”. (“Əhzab”, 23)
24. Hürr ibn Yezid Riyahi əvvəlcə düşmən ordusunda olmuş, sonra həqiqi tövbə edərək İmam Hüseynin ordusuna qoşularaq şəhadətə çatmışdır.
25. İmam Hüseyn düşmənlərdən bir gecəlik möhlət istəməsi üçün qardaşı Əbülfəzl Abbasa belə buyurmuşdu: “Qardaşım! Düşmənə tərəf get və onlara de ki, namaz qılmağımız, dua və Allahla münacat etməyimiz üçün bu gecəni bizə möhlət verin. Çünki mən namaz qılmağı, Quran oxumağı, çoxlu dua və istiğfar (Allahdan bağışlanma diləməyi) sevirəm”.
26. İmam Hüseyn və tərəfdarlarının Aşura gecəci Quran oxumaları, ibadət və dua etmələri düşmən əskərlərindən 32 nəfərin İmamın ordusuna qoşulmasına səbəb oldu.
27. Aşura günü şəhid olan bəy və gəlinin adları Vəhəb və Haniyə idi. Vəhəb döyüş meydanına getmək üçün İmam Hüseyndən icazə istədi. İmam icazə verdkdə meydana gedib, bir müddət vuruşdu. Düşmən ordusundan bir neçəsini öldürdükdən sonra iki əlləri kəsilərək düşmənin əlinə əsir düşdü. Onu Ömər Sədin yanına gətirdilər. O da Vəhəbin boynun vurulmasını əmr etdi. Onun boynunu vurub, kəsilmiş başını İmam Hüseynin ordusuna sarı atdılar. Vəhəbin anası kəsilmiş başı götürüb üzünün qanını təmizlədikdən sonra düşmənə tərəf atdı. Vəhəbin həyat yoldaşı Haniyə isə özünü ərinin qana bulanmış bədəninə çatdırdı. Onun qanını təmizləyərək belə deyirdi: “Cənnət sənə xoş olsun!” Şimr bu vəziyyəti gördükdə öz nökərinə onu öldürməsini əmr etdi. Nökər də əlindəki dəmir zopa ilə onu şəhid etdi. Haniyə Kərbəlada şəhid edilən ilk və tək qadın olmuşdur.
28. İmam Hüseyn Aşura günü döyüşün qızğın anında camaat namazı qıldırdı. Belə ki, həzrət bir dəstə əshabı ilə birlikdə günorta namazını qorxu namazı adı altında qıldılar; İmamın əshabından olan iki nəfər namazın sonuna qədər özlərini həzrətə sipər etdilər. Onlardan biri düşmən ərəfindən atılan oxların bədəninə sancılması səbəbilə şəhid oldu.
29. Aşura günü günorta vaxtı Əbu Sümamə günəşə baxaraq günorta vaxtı olduğunu anladıqda İmama belə dedi: “Düşmənin fürsət verməyəcəyini bilsəm də, son namazı səninlə qılıb, bu halda Allaha qovuşmaq istəyirəm”. İmam göy üzünə baxaraq belə dedi: “Namazı mənə xatırlatdın. Allah səni xatırladan və namaz qılanlardan etsin. İndi günortanın ilk vaxtıdır, namaz qılmağımız üçün düşməndən möhlət istəyin”.
30. İmam Hüseynin əshabı arasında Ənəs ibn Haris adlı bir şəxs vardı ki, Həbib ibn Məzahirin qohumlarından idi. O, Bəni Əsəd tayfasından idi, Bədr və Hüneyn döyüşlərində iştirak etmişdi və Aşura günü həzrətin yanında şəhid oldu.

Tarix : 2016-10-19Baxış sayı : 296