background img
banner

İnsanların daha sonra peşman olduğu 10 şey

Increase text size Decrease text size

Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və daim "ey kaş ki" sözünü işlədir. Bu da insanı indiki zamanda yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə xoş xatirələr atmaq lazımdır.

1. Mən özümə görə deyil, başqalarına görə yaşamışam.
Heç olmasa qarşınıza məqsəd qoyun. Bu həyatdan nə istədiyinizi ayırd edin. Onun üstündə zəhmət çəkin. Unutmayın, sizin hədəfiniz olmasa, həmişə başqalaraının hədəf və arzuları uğrunda çalışacaqsınız.

2. Mən olduqca çox işləmişəm.
Həyat yalnız pul qazanmaq uğrunda işləmək deyil. O qədər insan var ki, qazancı az olsa da xoşbəxt və kimsədən asılı olmayan halda yaşayır. Haqlı deyiblər, insan gənc vaxtı ömrünü pul qazanmağa sərf edir, daha sonra yaşlanır və qazandıqlarını sağlamlıq əldə etmək yoldunda xərcləyir.

3. Mən öz hisslərimi gizlətmişəm.
Bilirəm, bəzən görmüsünüz ki, bəlkə də ləyaqətli bilmədiyiniz insanlar cəsarət göstərərək sizin qürur üzündən yaxınlaşmadığınızı gəlib elə gözünüzün önündə ikən qapıb aparıblar. Siz isə özünüzü yox, həmin adamı qınamısınız. Sanki bütün dünya sizin qürur üzündən susub yaxınlaşmadığınızı əbədiyyən sizin üçün saxlamalı idi.

4. Mən dostlarla əlaqə saxlamırdım.
Həmişə gözləyirik ki, bizi yada salsınlar. Əksərən diqqətsizlikdən şikayət edən adamların özləri diqqətsiz olurlar. Bu dünyada hamının səninlə maraqlanmaq kimi bir öhdəçiliyi yoxdur. Sənin susqunluğunu və eqoistliyini görən yaxşı dostların belə, sonda səni tək qoyacaqlar.

5. Mən özümə xoşbəxt olmaq imkanı yaratmırdım.
Nə üçün insanlar həmişə şikayət edirlər? Nə üçün bir dəfə də olsun nədənsə məmnun qaldıqlarını etiraf etmirlər? Haqlı deyiblər, bəzən insan xoşbəxt olmağa bəhanə tapmadıqda öz bədbəxtlikləri ilə öyünər. Bu gün nələrə maliksinizsə qədrini bilin. Həm buna görə təşəkkür edin, həm də layiqli istifadə edin.

6. İstəmirdim uşağım olsun.
Bəzən insanlar ailə qurmağı gecikdirir, daha sonra gənc olduğunu və hələ həyat yaşamalı olduğunu iddia edərək övlad məsələsini gözardı edir. Meylini heyvanlara salır. Daha sonra yaşlaşır və görür ki, heç kimə lazım deyil. Artıq ahıl olduğuna görə ona maraq göstərən də yoxdur. Daha bu haqda düşünmək belə, insana əziyyət verir.

7. Həmişə problemdən qaçmışam.
Bu dünyada insan hamıyla yola gedə bilməz. Sözsüz ki, onun düşmənləri də olacaqdır. Ya o kiminləsə düşmənçilik edəcək, ya da onunla edəcəklər. İnsan dağın başına da qaçsa problemlə üzləşəcəkdir. Problem insanı möhkəmlədir. İmmuniteti zəif olan insanı xəstəlik hər yerdə tapar.

8. Həyatda lazım olan fürsətlərdən istifadə etməmişəm.
Bəli, bu gün əlimizə şərait düşərkən hələ zaman vardır deyə, onu ertələyirik. Bir şeyin üzərində uzun zaman götür-qoy edirik və həmin fürsət əlimizdən çıxır. Fürsət elə bir şeydir ki, bəlkə də insanın həyatında bir dəfə parlayır. Odur ki, fürsətləri qənimət bilmək lazımdır..

9. Mən həmişə məni sevən adamları incitmişəm.
Bu cür insanlar çoxdur, bəlkə də özümüz də bu xasiyyətə malikik. Bizim qayğımıza qalan, bizi sevən insanları özümüzdən rədd edirik. Onlarla kobud davranırıq. Məhəbbət göstərmirik. Öz hisslərimizi biruzə verməkdən qorxuruq. İnanın, zaman keçdikdən sonra artıq sizin bu soyuqluğunuzu görən isti münasibət göstərən adamlar belə, sizə laqeyid yanaşacaqlar. Zaman ötdükdən sonra daha sizin isti münasibət göstərməyinizə ehtiyac qalmayacaqdır.

10. Uşaqlarıma az zaman ayırırdım.
Bəzi insanlar var ki, övladlarının 18 yaşa çatmasını gözləyirlər ki, onlara tərbiyə versinlər. Halbuki hələ dünyaya gəlməmişdən öncə körpələri barədə düşünməli idilər. Mal-dövlət gəldi gedərdir. Övlad öz valideyninin qayğısını, sevgisini görməlidir. Övlad yalnız nökərçilik etmək üçün doğulmayıb. O da şəxsiyyətdir. Ona da vaxt ayırmaq lazımdır. Yoxsa artıq gec olacaqdır.

Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 214