background img
banner

Həzrət Peyğəmbərdən hədsilər (2)

Increase text size Decrease text size

Zənginlik üçün boyun əymək

11. “Kim bir zənginin yanına gələrək (zənginliyinə görə) ona boyun əysə, dininin üçdə ikisi gedər”. (“Tuhəful-Uqul”, s.23)

 

Yaxşıların əlaməti

12. “Yaxşı insanın əlaməti on şeydir: Allah üçün sevər, Allah üçün nifrət bəsləyər, Allah üçün dost olar, Allah üçün ayrılar, Allah üçün qəzəblənər, Allah üçün məmnun qalar, Allah üçün çalışar, Allaha əl açar, Allah üçün qorxar və Allah üçün yaxşılıq edər”. (“Tuhəful-Uqul”, s.45)

 

Mərhəmətsiz hökmdarın hökmranlıq etməsi

13. “Bir zaman gələcək ki, ümmətim alimləri yalnız gözəl əlbisə, Quranı isə gözəl səslə tanıyar və Allaha yalnız Ramazan ayında ibadət edərlər. Belə olduqda Allah-taala elmi, helmi və mərhəməti olmayan bir hökmdarı onlara müsəllət edər”. (“Biharul-Ənvar”, c.22, s.454.

Şəhidlərin qanlarından daha üstün mürəkkəb

14. “Qiyamət günü olduqda alimlərin qələmlərinin mürəkkəbi şəhidlərin qanları ilə ölçülər; alimlərin qələmlərinin mürəkkəbi şəhidlərin qanlarından daha üstün gələr”. (“Ləalil-Əxbar”, c.2, s.272)

 

Hidayət imamlarına tabe olmaq

15. “Kim qurtuluş gəmisinə minməyi, etibarlı bir qulpdan tutmağı və sağlam bir ipə sarılmağı istəyərsə, Əlini sevsin; onun düşməninə düşmən olsun və övladından olan hidayət imamlarına tabe olsun; çünki onlar mənim xəlifələrim, vəsilərim, məndən sonra Allahın yaratdıqlarına olan höccətləri, ümmətimin ağaları, təqvalıları və Cənnətə rəhbərlik edən kəslərdir. Onların hizbi (dəstəsi) mənim hizbimdir, mənim hizbim isə Allahın hizbidir. Onlarla düşmənçilik edənlərin hizbi isə Şeytanın hizbidir”. (“Yənabiul-Məvəddət”, s.445)

 

Rəhmətdən uzaq olan kəs

16. “Yükünü insanların üzərinə atan kəs məlundur (Allahın rəhmətindən uzaqdır)”. (“Tuhəful-Uqul”, s.71)

 

İnsandan soruşulacaq dörd şey

17. “Qiyamət günü olduqda dörd şeydən soruşulmayanadək insan yerindən hərəkət etməz: Ömrünü harada keçirtdiyindən, gəncliyini harada sərf etdiyindən, malını haradan qazanıb, harada xərclədiyindən və biz Əhli-Beyti sevməyindən”. (“Tuhəful-Uqul”, s.105)

 

Cahilin əlamətləri

18. Peyğəmbərdən “Cahilin nişanələri nədir?” – deyə sual verildikdə belə buyurdu: “Cahil ilə yoldaş olsan, səni zəhmətə salar; uzaq dursan, söyər; sənə bir şey versə, minnət edər; sən bir şey versən, nankorluq edər; sirrini ona söyləsən, xəyanət edər; sirrini sənə söyləsə, səni (onu yaymaqda) günahlandırar; zəngin olarsa, azar, qaba və qatı ürəkli olar; yoxsul olsa, Allahın nemətini inkar edər və günahdan çəkinməz; sevincli olsa, həddini aşar və azğınlıq edər; üzülsə, ümidsizliyə qapılar; gülsə, qəhqəhə ilə gülər; ağlasa, fəryad qoparar; yaxşılara dil uzadar; Allahı sevməz; Onun haqlarına riayət etməz; Ondan utanmaz; Onu xatırlamaz; razı salsan səni mədh edər və səndə olmayan yaxşılıqları sənə nisbət verər; qəzəblənərsə tərifləri kəsər və səndə olmayan pislikləri sənə nisbət verər.  Cahilin vəziyyəti bax belədir!” (“Tuhəful-Uqul”, s.39)

 

Altı cümlədə altı yüz min söz

19. Allah Rəsulu buyurdu: “Ey Əli! Altı yüz min qoyun, altı yüz min dinar, yoxsa altı yüz min kəlmə (söz) istəyirsən?”

Həzrət Əli dedi: “Ey Allahın Rəsulu, altı yüz min kəlmə (söz) istəyirəm”.

Peyğəmbər buyurdu: “Altı yüz min sözü altı cümlədə birləşdirib, sənə söyləyirəm. Bunlardır: Ey Əli, insanların müstəhəb və fərz (vacib) olmayan işlərlə məşğul olduqlarını görsən, sən fərzləri yerinə yetirməklə məşğul ol. İnsanların dünya işlərilə məşğul olduqlarını gördükdə, sən axirət işiylə əlləş. İnsanların – başqalarının eyiblərilə məşğul olduqlarını gördükdə, sən öz eyiblərinlə məşğul ol (və onları düzəltməyə çalış). İnsanları – dünyanı bəzəməklə məşğul olduqlarını gördükdə sən axirətini bəzəməyə çalış. İnsanların çox əməl görməklə məşğul olduqlarını gördükdə, sən təmiz əməl etməklə məşğul ol. İnsanların  - xalqa təvəssül etdiklərini gördükdə, sən Allaha təvəssül et (Ona əl aç)”. (“Məvaizul-Ədədiyyə”, bab 6, fəsil 4, hədis 1)

 

Ümmətin ixtilafdan qurtulması üçün vasitə

20. “Ulduzlar (dənizlərdə yolunu itirənlərin) boğulmaqdan amanlıqda qalmalarına (xilas olmalarına) vəsilə olduğu kimi, mənim Əhli-Beytim də ümmətimin ixtilafdan amanda qalması üçün bir vəsilədir. Bu səbəbdən Ərəbdən (yaxud hər hansı bir millətdən) bir qəbilə onlarla müxalifətçilik edərsə, ixtilafa düşər və şeytan dəstəsindən olar”. (“Səvaiqul-Muhriqə”, s.87)

Tarix : 2016-10-23Baxış sayı : 118