background img
banner

İmam Hüseyn haqqında zəruri bilgilər (2)

Increase text size Decrease text size

31. İmam Sadiqdən soruşdular ki, nə üçün Allah Rəsulunun son vəfat günü, həzrət Əli, Fatimə, Həsən və s. imamların dünyalarını dəyişdikləri günlər deyil, sadəcə Aşura günü ən böyük müsibət,qəm, üzüntü və matəm günü olaraq tanıtdırılıb? İmam cavabında belə buyurdu: Bunun səbəbi odur ki, Əshabi-Kisa (Ali Əba) Allah dərgahında insanların ən dəyərlisi idilər. Onlar beş nəfər idi: Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn. Allah Rəsulu vəfat etdikdə müsibət çox böyük idi, ancaq Əshabi-Kisadan dörd nəfər həyatda idi. Onlar xalqın müraciət etdiyi və sığınacağı yer idilər. Fatimə dünyasını dəyişdikdə müsibətin çox olmasına baxmayaraq, Əshabi-Kisadan üç nəfəri öz aralarında görüb, ehtiyac duyduqları zaman onlara pənah gətirirdilər. Əli və Həsəndə də vəziyyət eyni idi. Ancaq Hüseyn şəhid olduqda Əshabi-Kisadan xalqın müraciət və sığıncaq yeri olan kimsə qalmamışdı. Buna görə də, Hüseynin bəqası Əshabi-Kisanın bəqası olduğu kimi, onun şəhid olması da onların hamısının şəhadəti kimi idi. Bu səbəbdəndir ki, Aşura günü qəm, üzüntü və matəm baxımından günlərin ən müsibətlisi olaraq tanıdılmışdır”.

Abdullah ibn Fəzl Haşimi deyir ki, mən İmam Sadiqə dedim: Onda Əli ibn Hüseyn üçün nə deyirsən?

O dedi: Əli ibn Hüseyn imam və xalqa höccət idi. Ancaq Allah Rəsulunu görməmişdi. Onun elmi ata və babalarından miras olaraq ona çatmışdı. Amma Əli, Fatimə, Həsən və Hüseyn Peyğəmbərlə uzun müddət birlikdə olmuşdular. Xalq da onları Peyğəmbər ilə birlikdə görmüşdü. Buna görə də onlardan birini gördükdə Peyğəmbərin xatirələri, söz və davranışları onlar üçün canlanardı”.

32. İmam Hüseynlə Yəhya ibn Zəkəriyyə arasında bənzərliklər çoxdur. Lakin onlardan bəzilərinə diqqət çəkmək istəyərdik: 1) Bu iki məsum şəxsə ad qoyulmadan öncə, onların adında heç kəs yox idi. 2) Hər ikisi altı aylıq dünyaya gəlmişlər. 3) Hər ikisi doğulmamışdan öncə səmavi xəbər və vəhylər onların doğum və vəziyyətlərini açıqlamışdır. 4) Hər ikisinin başını qızıl teştə qoyub, fasiq və zalımlara göndərmişlər. 5) Rəvayətlərə görə, bu iki məzlumun başı danışmışdır.

33. Hürr ibn Yezid Riyahinin başını bədənindən ayırmadılar. Çünki qohumları onun başının bədənindən ayrılmasına mane oldular.

35. Rəvayətlərə görə Beytullahil-Haramın savab baxımından əvəzi olaraq tanıdılan şey İmam Hüseynin məzarının ziyarətidir. Allahın evinin ziyarətinə getməyə gücü olmayan kəslər onun yerinə İmam Hüseynin qəbrinin ziyarətinə gedərək həmin savabı qazana bilərlər.

36. “Nahiyeyi-Müqəddəsə” ziyarəti Sahibəzzəman İmam Mehdidən nəql olunan bir ziyarətdir. Həzrət Kərbəla şəhidlərinin hamısının ad və nişanələrini bu ziyarətdə zikr edib, onlara salam göndərdiyi kimi, onlardan hər birinin qatilinin də adını çəkmiş və onlara lənət etmişdir.

37. Namaz qılarkən Kərbəla torpağına səcdə etməyin fəziləti vardır. “Nəcatul-İbad” risaləsində yazılır ki, kim namaz qıldığı zaman Kərbəla torpağına səcdə edərdə, namazın qəbul olmasına mane olan əngəllər yox olub, İmam Hüseyn torpağının bərəkətilə namazı qəbul olar.

38. Kərbəlada son şəhid olan Süveyd ibn Əmr adlı yaşlı bir adamdır. Bu şəxs Aşura günü var gücü ilə vuruşdu. Aldığı çoxlu yara və zərbələr nəticəsində huşunu itirib yerə düşdü. Düşmən onun öldüyünü zənn edərək ondan əl çəkdi. O, bir müddətdən sonra özünə gəlib, İmam Hüseynin şəhid olduğunu anladı və o halı ilə qalxıb, yanındakı xəncərlə düşmənə hücum etdi. Bir müddət vuruşduqdan sonra şəhid oldu. Beləcə o, İmam Hüseyndən sonra şəhid olan kəs idi.

39. Məhərrəmin on birinci günü Ömər Sədin əmri ilə Kərbəla şəhidlərinin başları bədənlərindən ayrıldı.

40. İmam Hüseyn hicrətin 61-ci ili, Aşura günü Kərbəlada şəhid olmuşdur. Onun 57 yaşı vardı.

41. İmam Hüseyn şəhid olduqdan sonra on nəfər İmamın bədənini atların dırnaqları altında əzdilər.

42. Şeyx Şüştəri yazır: İmam Hüseynin qatili ilk başda Yeziddir. Çünki o, İmam Hüseyndən zorla biət alınmasını, biət etmədiyi halda həzrətin başının özünə göndərilməsini əmr etmişdi. Yeziddən sonra İmam Hüseynin qatili İbn Ziyaddır. Çünki o, bu cinayətə zəminə hazırlamış və İmamın əleyhinə ordu toplamışdır. Ondan sonra İmamın qatili İbn Səddir. Çünki Kərbəla vaqiəsindən sonra onu, İmam Hüseynin qatili olaraq çağırırdılar. Onlardan sonra İmamın qatili Şimrdir. Çünki o da böyük müsibətin icraçısı olmuşdur.

43. İmam Baqirin buyurduğuna görə, İmam Hüseynin bədənində 320 qılınc, nizə və ox yarası vardı.

44. İmam Hüseynin atının adı Zülcənah olmuşdur.

45. Kərbəla şəhidlərinin nəşi hicrətin 61-ci ili, məhərrəm ayının 13-cü günü dəfn edilib. Belə ki, Əlqəmə çayının yaxınındakı bir kənddə yaşayan Bəni Əsəd qəbiləsi, gəlib Kərbəla şəhidlərinin bədənlərini dəfn edərkən İmam Hüseyn və başları bədənlərində olmayan digər şəhidlərin bədənini tanımadılar. Bu üzdən nə edəcəklərini bilməyərək çaşıb qaldılar. Bu əsbada birdən bir atlı onların yanına gələrək “Nə üçün buraya gəlmisiniz?”, - deyə sual verdi. Onlar cavab verdilər ki, bu cəsədləri dəfn etmək üçün gəlmişik. Ancaq onların kim olduqlarını tanımırıq. İmam Səccadın özü olan həmin atlı bütün şəhidləri tək-tək tanıdır və onları dəfn edirdilər. İmam Səccadın özü də atasının parça-tikə olmuş bədənini bir həsirin içərisinə qoyaraq torpağa tapşırdı.

46. Əli Əkbərin nəşi atası İmam Hüseynin yanında dəfn edildiyinə görə qəbir altı guşəlidir.

47. “Nur” ayəsindən sonra həzrət Peyğəmbərin buyurduğu bu hədis qızıl suyu ilə İmam Hüseynin qəbrinin üst tərəfində yazılmışdır: “Ey Cabir, Hüseynin qəbrini ziyarət et. Çünki Hüseynin qəbrini ziyarət etməyin savabı (müstəhəbb olan) yüz həccin savabı ilə bərabərdir. Şübhəsiz, Hüseynin qəbri cənnət bağçalarından bir bağçadır... Kərbəla da cənnət məskənidir”.

48. Peyğəmbər İmam Hüseynin məzarını ziyarət etməyin savabı haqqında Aişəyə buyurmuşdur: “Kim oğlum Hüseyn vəfat etdikdən sonra onun qəbrini ziyrət etsə, Allah-taala mənim həclərimdən bir həccin savabını onu ziyarət edənə verər”.

Aişə dedi: “Həclərindən bir həccin savabını?” Peyğəmbər buyurdu: “İki həccimin savabını ona verərlər”.

Aişə daha da təəccüb edərək soruşdu: “İki həccinin savabını?” Peyğəmbər dedi: “Hətta üç həccimin savabını onu ziyarət edən kəsə verərlər”.

Bu mövzu bu şəkildə təkrarlandı. Nəhayət, Allah Rəsulu dedi: “Allah-taala mənim doxsan həccimin savabını Ümrə savabları ilə birlikdə onun qəbrini ziyarət edənə verəcəkdir”.

50. İmam Hüseyn İraqa doğru hərəkət etdikdə bir vəsiyyətnamə yazaraq qardaşı Məhəmməd Hənəfiyyəyə verdi. Bu vəsiyyətnamədə Allahın birliyinə, həzrət Peyğəmbərin nübüvvətinə və axirətin həqiqət olduğuna iqrar etdikdən sonra belə keçmişdir: “Mən eqoizm, zülm və ye üzündə pozğunluq etmək üçün qiyam etmədim; mən babamın ümmətini islah etmək, atam Əli ibn Əbu Talibin yolunda getmək, yaxşılığa əmr edib, pisliklərdən çəkindirmək üçün qiyam etdim”.

51. Mərhum Şeyx Müfid və Şeyx Səduq İmam Zeynəlabidini İmam Hüseynin böyük oğlu hesab etmişlər. Ancaq Əllamə Seyid Möhsin “Əyanüş-Şiə” kitabında Əli Əkbərin İmam Hüseynin böyük oğlu olduğunu vurğulamışdır.

52. İmam Hüseynin bacısı həzrət Zeynəb hicrətin 5-ci, yaxud 6-cı ilə cəmadiul-üla ayının beşində Mədinədə doğulmuşdur. Hicrətin 62-ci ilində Mədinə, yaxud Şamda vəfat etmişdir. Bəzi ravilər onun hicrətin 64-cü ilində vəfat etdiyini qeyd etmişlər.

53. Həzrət Zeynəb evlənmək yaşına çatdıqda bir çoxları onu istəməyə gəldi. Ancaq əmisi oğlu Abdullah ibn Cəfərin istəməsi bu şərtlə qəbul edildi: Qardaşı Hüseyn nə vaxt səfərə çıxsa, onunla bərabər olacaq və Abdullah buna mane olmayacaqdır. Abdullah bu şərti qəbul etdi və beləcə, həzrət Zeynəb onunla evləndi.

54. Həzrət Zeynəb daim şəhidlərin mübarək nəşlərini bütün qadınlardan öncə qarşılayırdı. Ancaq öz oğlanlarının nəşləri gətirildikdə çadırdan çölə çıxmadı. Xanımın nə üçün bu cür etdiyi haqda bir çox maraqlı fikirlər qeyd etmişlər.

55. Həzrət Əbülfəzl Abbasın bir çox ləqəbləri olmuşdur. Bunların hər biri onun uca şəxsiyyətinin özəlliklərindən bir nişanədir. Həmin ləqəblər bunlardır: 1) Əbülfəzl: Çox fəzilətləri, yaxud “Fəzl” adında bir oğlu olduğuna görə bu ləqəb verilmişdir; 2) Əbul-Qırbəh: Susuzlara su daşıdığı üçün bu ləqəbi almışdır; 3) Qəməri-Bəni Haşim: Haşim oğulları arasında ay kimi üzü gözəl və nurlu olduğuna görə bu ləqəb ona verilmişdir; 4) Əbdüs-Saleh; 5) Fadi (fədakar); 6. Hami (himayə edən); 7. Vaqi (qoruyan); 8. Babul-Həvaic (İstəklər qapısı); 9. Sai (səy göstərən, çalışqan); 10. Hamilul-Liva (bayraqdar, ələmdar).

56. İmam Mehdidən nəql olunan “Nahiyeyi-Müqəddəsə” ziyarətində Əbülfəzl Abbasa xitabən belə deyilir: “Salam olsun Möminlərin Əmiri Əlinin oğlu Əbülfəzl Abbasa! O Abbas ki, canını qardaşı üçün fəda etdi, dünyanı axirətə çatmaq üçün vasitə qərar verdi, qardaşına fəda oldu, hifz edən idi, suyu susuzlara çatdırmaq üçün çox səy göstərdi və iki əli Allah yolunda kəsildi”.

57. İmam Hüseyn və əshabının ailələri məhərrəm ayının on birinci günü günortadan sonra Ömər Səd vasitəsilə əsir götürülərək Kərbəladan Kufəyə aparıldı.

58. İmam Hüseynin kəsilmiş başının harada dəfn olunduğuna dair   Sibt ibn Cövzi “Təzkirə” kitabında beş nəzər qeyd etmişdir: 1) Mədinədə, anasının məzarı yanında; 2) Dəməşqdə; 3) Qahirədə; 4) Əmirəlmöminin Əlinin məzarının yanında; 5) Kərbəlada.

Şiənin qəbul etdiyi məşhur nəzər budur ki, İmam Zeynəlabidin İmam Hüseynin başını Kərbəlaya gətirib, o həzrətin yanında dəfn etmişdir.

59. Cabir ibn Abdullah Ənsari hicrətdən on beş il öncə Mədinədə dünyaya gəlmişdir. Onun atası Abdullah Ühüd döyüşündə şəhid olmuşdu. Cabir daim Peyğəmbərlə birlikdə olmuşdur. Peyğəmbərin zamanında baş verən on doqquz döyüşdə iştirak etmişdir. Həzrətdən sonra İmam Əli və Əhli-Beytlə birlikdə olmuşdur. O, İmam Hüseynin qəbrini ilk ziyarət edən kəs olmuşdur. Daha sonra həzrət Əlinin dostluğu “günahı” ilə bədəni Həccac ibn Yusif Səqəfi tərəfindən dağlanmışdır.

60. İmam Zeynəlabidin Nöman ibn Münzir Mədainiyə belə buyurdu: Şamda yeddi zülm bizə edildi ki, əsir düşdüyümüz müddət ərzindən bu cür zülm bizə edilməmişdi: 1) Şamda zalımlar qılıncları ilə bizə hücum etdilər. Davul çaldıqları halda böyük bir toplumun arasında bizi gözlətdilər; 2) Şəhidlərin başlarını xanımlarımızın kəcavələri arasına soxdular. Atam və əmmim Abbasın başlarını xalam Zeynəb və Ümmü Gülümün qarşısına, qardaşım Əli və əmim oğlu Qasimin başlarını isə bacılarımın gözləri önünə gətirdilər. Bəzən başlar yerə düşüb atların nalları altında qalırdı; 3) Şamın qadınları damların üzərindən başımıza su və od tökürdülər; 4) Gün çıxandan batana qədər küçə və bazarda musiqi aləti və avazla xalqın gözləri qarşısında bizi gəzdirib deyirdilər: “Ay camaat, bunları öldürün; çünki bunların İslamda heç bir ehtiramı yoxdur”; 5) Bizi tavanı olmayan bir yerdə saxladılar. Gündüzləri aclıqdan,gecələri isə soyuqdan narahatdıq. Daim qorxu və iztirab içərisində idik; 6. Bizi qul satılan bazara apardılar. Bizi kölə və kəniz kimi satmaq istədilər. Ancaq Allah-taala bu əməli onlara mümkün etmədi; 7. Bizi bir ipə bağladılar. Beləcə, yəhudi və xaçpərəstlərin evlərinin önündən keçirərkən onlara deyirdilər: “Bunların babası sizin babalarınızı Xeybər, Xəndək və s. döyüşlərində öldürüblər. Bu gün onların intiqamını bunlardan alın!” 

Tarix : 2016-10-23Baxış sayı : 166