background img
banner

Namaza qarşı səhlənkarlıq nəyə səbəb olur?

Increase text size Decrease text size

“Maun” surəsinin 4–6 ayələrində oxuyuruq: (Məna tərcüməsi)

“Vay olsun namazqılanlara; o kəslərə ki, onlar namazlarından qəflətdədirlər (səhlənkarlıq edir, vaxtı-vaxtında qılmır və ona qarşı biganə yanaşırlar); o kəslər ki, onlar riyakarlıq edərlər”.

Qısa şərh:

Yuxarıdakı ayələrdə namazda iki şeydən şiddətli şəkildə çəkindirmə edilmişdir:

1. Namazın əsli barədə unutqanlıq və qəflət;

2. Namazda riyakarlıq.

Diqqət olunmalıdır ki, onlar namazlarında səhv edirlər – deyilmir. Çünki hər bir halda, bu durum hər kəs üçün baş verəndir. Əksinə, deyilir ki, namazın əsli barədə səhv edirlər. Yəni vay olsun o kəslərə ki, namazın əslini (kökünü, əsas qayəsini) ciddiyə almırlar. Onunla əlaqədar səhlənkarlıq, etinasızlıq və vecsizlik edirlər.

Buna görə də, səhlənkarlıq nəticəsində namazı tərk edən, yaxud onu vaxtında icra etməyən, yaxud naqis şəkildə yerinə yetirən kəslər bu ayəyə şamil edilirlər. Onlar “Vəyl”ə layiq olacaqlar.

Həmçinin o kəslər ki, namazı Allah üçün qılmırlar. Onun icrasında riyakarlıq sərgiləyirlər. Belə adamlar “Vəyl”ə və şiddətli ilahi əzaba layiqdirlər.

Məhəmməd ibn Füzeyl deyir: İmam Kazimdən soruşdum: “O kəslər ki, onlar namazlarından qəflətdədirlər” ayəsində səhv deyərkən nə nəzərdə tutulur?

O həzrət cavabında buyurdu ki, məqsəd namazı zay etməkdir.

Namazı yüngül tutan kəs üçün on beş cəza sayılmışdır:

Allah Rəsulu buyurub: Hər kəs namaz məsələsində süstlük göstərsə və onu yüngül saysa, Allah onu on beş bəlaya düçar edəcəkdir:

1. Ömrün qısalması

2. Ruzinin azlığı

3. Salehlərin simasının çöhrəsindən silnməsi

4. Əməllərinin mükafatsız qalması

5. Duasının müstəcab olmaması

6. Salehlərin duasından yararlana bilməməsi

7. Alçaq ölümə düçar olması

8. Aclıq və susuzluq içində ölüm

9. Qəbir aləmində əzab verməsi üçün bir mələyin onun üzərində məmur edilməsi

10. Qəbrinin daralması

11. Qəbrinin qaranlığa bürünməsi

12. Camaat qarşısında üzü üstə yer üzərində çəkməyi üçün bir mələyin məmur edilməsi

13. Qiyamət günü çətin haqq-hesab

14. Allahın ondan nəzər və diqqətini əsirgəməsi

15. Çətin əzaba mübtəla olması. (Səfinətul-Bihar, c.2, s.44)

İmam Əli buyurmuşdur: Məbada dünya işləriə məşğuliyyət sizi namazı öz vaxtında icra etməkdən saxlasın. Allah (Quranda) qövmləri elə buna görə məzəmmət etmiş və buyurmuşdur: “Vay olsun namazqılanlara; o kəslərə ki, namazdan qafildirlər”. Yəni o kəslər ki, qafil olmuş və namazın vaxtlarına səhlənkar yanaşmış, onu yüngül saymışlar”. (Təfsiri-Burhan, c.4, s.511)

İmam Sadiq yuxarıdakı ayənin mənası barədə buyurmuşdur: “O kəs ki, üzrsüz olaraq namazı əvvəl vaxtından təxirə salır”. Başqa bir yerdə buyurmuşdur: “Yəni namazı tərk edər və namaz mövqeyində süstlük, səhlənkarlıq göstərər”.

Yunis adlı İmam Sadiqin şagirdlərindən biri o həzrətdən soruşdu: Namazda səhvdən məqsəd şeytanın vəsvəsəsidir? (Hansı ki, namazlar arasında unutqanlığa səbəb olur?)

İmam Sadiq cavabında buyurdu: “Xeyr, məqsəd bu deyil. Çünki hər kəs namazda səhv edə bilər. Əksinə, nəzərdə tutulan odur ki, namazdan qəflətdə olarlar. O cür ki, qəflət üzündən onu əvvəl vaxtında qılmazlar”. (Həmin mənbə)

Allahın Rəsulu buyurub: “Namazını yüngül sayan kəs məndən deyil!” Sonra əlavə etdi: “Allaha and olsun ki, belə bir kəs hovuz kənarında yanıma varid olmayacaq”.

İmam Baqir buyurub: Bir gün Peyğəmbər məscidə daxil oldu. Bir nəfəri gördü ki, tez-tələsik namaz qılır. Namazın rüku və səcdələrini nöqsanla yerinə yetirir. Buyurdu: “Bu şəxsin əməli dən yığmaq üçün qarğanın yeə dimdik vurması kimidir. Əgər bu şəxs belə bir namazla ölsə, heç şübhəsiz, dinim üzərimdə ölməyəcəkdir (yəni dindən çıxmış vəziyyətdə ölmüşdür)”. (Füruul-Kafi, c.3, s.268)

Hazırladı: Fərid Abdullah

 

Tarix : 2016-10-24Baxış sayı : 110