background img
banner

Hörümçək yuvasına arxalananlar

Increase text size Decrease text size

Allahdan başqasını özlərinə rəhbər tutanlar özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! Ənkəbut - 41

Zəif himayədarlar hörümçək yuvaları kimidir: Bu ayədə Allahdan qeyrisini özünə tanrı və himayədar seçən insanlar üçün gözəl bir misal çəkilmişdir. Bu misal üzərində nə qədər çox düşünsək, daha çox incəliklərə vararıq. Hər bir heyvan və ya həşərat özü üçün ev düzəldir, yuva qurur. Ancaq bu evlərin heç biri hörümçək yuvası kimi zəif deyil. Nazik saplardan hörülmüş hörümçək yuvasının nə divarı olur, nə tavanı, nə həyəti, nə də qapısı. Üstəlik, yuvanın hörülməsində istifadə edilən ləvazimat o qədər zəif və davamsızdır ki, heç nəyə müqavimət göstərə bilmir. Hətta meh əsəndə belə, bütün sapları sökülür, bir neçə yağış damcısı ilə darmadağın olur, azacıq od qarşısında məhv olur, hətta üzərinə toz-torpaq da qonduğunda davam gətirmir, parçalanıb evin tavanından sallanır. Yalançı tanrılar da belədir, nə bir xeyirləri var, nə ziyanları, nə bir problemi həll edirlər, nə də çıxılmaz vəziyyətdə sığınacaq olurlar. Bu yuva uzun və hündür ayaqlı hörümçək üçün həm istirahət yeridir, həm həşərat ovlayıb qida tədarük etmək üçün tələ. Ancaq digər heyvanların yuvaları ilə müqayisədə sonsuz dərəcə zəif və davamsızdır. Allahdan qeyrisinə güvənənlər güvənc yerləri hörümçək toru kimidir. Fironların taxt-tacı, qarunların saysız-hesabsız var-dövləti, şah və hökmdarların qəsrləri, xəzinələri hörümçək toru kimi etimad edilməyəcək qədər zəifdir, hadisələr qasırğasına qarşı duruş gətirə bilmirlər. Ancaq Allaha iman gətirən və ona təvəkkül edərək ömür sürənlər kürəklərini polad söykənəcəyə söykəmiş kimidirlər.

Məkarim Şirazi - Seçilmiş ayələrin şərhi
Tərcümə edən : Famil Burxanoğlu.

Tarix : 2016-09-23Baxış sayı : 7685