background img
banner

Düşmənlə səfər dostluğu...

Increase text size Decrease text size

Hicrətin 4-cü əsrində "Nişapur" İranın böyük və mühüm şəhərlərindən biri sayılırdı. O dövürdə, xüsusilə də Nişapurda "Sepəhsalar"lıq (Marşal, Ordu generalı) rütbəsi çox mühüm və ali rütbələrdən biri idi. Əmir İlyas adlı birisi belə bir dövürdə Nişapurun qoşun başçısı və sepəhsaları idi.

Bir gün Əmir İlyas həmşəhərlisi olan və o zamanın böyük ariflərindən sayılan Əbu Əli Dəqqaqın [1] yanına gəldi. Onun hüzurunda iki dizi üstə oturaraq ona ehtiram etdi. Sonra Əbu Əlidən onu nəsihət etməsini xahiş etdi.

Dəqqaq dedi: Səni nəsihət etməyəcəm, amma səndən bir sualım var. İstəyirəm ki, sualıma doğru cavab verəsən.

Əmir İlyas dedi: Soruş, cavabını deyim.

Dəqqaq gözlərini Əmir İlyasın gözlərinin içinə dikərək dedi:

Bilmək istəyirəm ki, sən vəzifə, məqam, mal-dövləti və zər-zibanı çox istəyirsən, ya düşmənini?
Əmir İlyas bu gözlənilməz sualdan heyrətə düşüb, səntirləyən kimi oldu. Sonra dərindən nəfəs alaraq dedi: "Məqam və mal-dövləti daha çox istəyirəm!"

Əbu Əli bir qədər fikrə daldı. Sonra başını qaldırıb dedi: Əgər dediyin kimidirsə və mal-dəvləti çox sevirsənsə, bəs niyə onu (mal-dövlət) burada saxlayıb düşmənini (günah və pis əməlləri) özünlə (qəbirə) aparırsan!?

Bu söz Əmir İlyası möhkəm silkələyərək, yatdığı yuxudan oyatdı. Gözləri yaşla doldu. Az fasilədən sonra özünə gəlib dedi: Mənə yaxşı öyüd və nəsihət etdin və yatdığım yuxudan oyatdın. Allah-taala sənə xeyir versin, çünki məni xeyirli yola çəkdin!

P.S: Arifin məqsədi budur ki, mal-dövləti yaxşı və xeyir işlərdə xərclə və məqam və vəzifəndən xeyirli işlər üçün istifadə et ki, qiyamət gününə qədər səninlə yoldaş olsunlar. Günahlarından da tövbə et və pis əməllərdən çəkin ki, sənin düşmənindirlər və bu qorxulu səfərdə düşməndən sənə xeyir gəlməz.
—------------------------------------------------------------------------------------
[1] - "Dəqaq" yəni buğdanı üyüdüb un eliyən. Əbu Əlinin (Həsən bin Əd-Dəqqaq Əs-Sufi) atası dəyirmançı olduğu üçün ona bu ləqəbi vermişdilər. O, qəməri tarixi ilə hicrətin 405-ci ilində Nişapurda fani dünyaya əlvida demişdir. (Əz-Zəriətu ila təsanifiş-şiə, Ağabozorg Tehrani, 9/327).
—---------------------------------------------------—
Mənbə:
1- Siyasətnamə, Xacə Nizaməl-mülk, səh.64;
2- Nəsihətul-müluk, Ğəzali, səh.97;

Tərcümə etdi: Mirməhəmməd Bəşir

Tarix : 2016-10-25Baxış sayı : 66