background img
banner

İmam Əlinin bir qadını müdafiə etməsi

Increase text size Decrease text size

Bir gün İmam Əli dəhşətli dərəcədə isti havada evdən çölə çıxdı. Qeysin oğlu Səd həzrəti görüb soruşdu: “Ey Möminəlrin əmiri, bu qaynar havada nə üçün evdən çıxmısan?” Həzrət dedi: “Zülm görmüş birinə yardım etmək, yaxud qəlbi yanmışa pənah verim deyə”.

Bu əsnada bir qadın qorxu və iztirab içində gəlib İmamın qarşısında durdu və dedi: “Ey Əmirəlmöminin, ərim mənə zülm verir. O məni öldürəcəyinə dair and içib”. Həzrət bu sözləri eşidən kimi başını aşağı saldı və bir qədər fikrə daldı. Sonra başını qaldırıb, dedi: “Xeyr, Allaha and olsun ki, təxirə salmadan məzlumun haqqını almaq lazımdır!”

Bu sözləri deyib soruşdu: “Evin hardadır?” Qadın evini göstərdi. Həzrət qadınla birlikdə hərəkət etdi, nəhayət onun evinə yetişdi. Əli (ə) evin qapısının qarşısında durub, uca səslə salam verdi. Rəngli paltarda bir cavan evdən çölə çıxdı. Həzrət ona dedi: “Allahdan qorx! Sən öz həyat yoldaşını qorxutmusan və onu evindən çölə çıxartmısan”. Cavan son dərəcə qəzəblənmiş və ədəbsiz halda dedi: “Mənim arvadımın işinin sənə nə dəxlisi var? Allah haqqı, elə məhz sənin sözünə görə onu odda yandıracağam!”

Əli (ə) gəncin ədəbsiz sözlərindən və qanun pozuculuğundan bərk qəzəbləndi. Qılıncını qınından çıxarıb dedi: “Mən səni yaxşı işlərə əmr edib, pis işlərdən çəkindirirəm. Allahın fərmanını çatdırıram. İndi sən mənə itaətsizlik edib, Allahın göstərişindən boyun qaçırırsan? Tövbə elə, yoxsa səni öldürərəm”.

Həzrətlə həmin gəncin arasında danışıq gedən əsnada oradan keçən adamlar İmamın yanına çatdılar. Ona “Əmirəlmöminin” deyərək salam verdilər və ondan cavanı bağışlamasını xahiş elədilər.

Həmin vaxta qədər həzrəti tanımamış olan gənc camaatın ehtiram göstərməsindən başa düşdü ki, müsəlmanların rəhbərinin qarşısında özbaşınalıq edir. O özünə gəldi, olduqca xəcalətli halda başını Əlinin (ə) əlinə tərəf endirib dedi: “Ey Möminlərin əmiri, mənim xətamdan keç. Sənin göstərişinə boyun əyirəm. Həyat yoldaşımla son dərəcə təvazökarcasına davranacağam”.

Həzrət qılıncı qınına qoydu və cavanın təqsirindən keçdi. Ona evə girməsini tapşırdı. Qadına da tövsiyə etdi, əri ilə elə şəkildə davransın ki, bu cür qəzəbli rəftar qarşıya çıxmasın”. (Bihar, c.40, s.113)

Hazırladı: F.A.

 

Tarix : 2016-10-26Baxış sayı : 1625