background img
banner

İslamdan öncə cahiliyyət dönəmində bütün ərəblər öz qızlarını öldürürdülər?

Increase text size Decrease text size

Qurani-Kərim və taixi mənbələrdən belə nəticə əldə olunur ki, cahiliyyət dönəmində hamı deyil, əksər insanların qız uşağından acıqları gələrdi. Onlardan bəziləri qızlarını öldürər, bəzilərisə cəmiyyətdə xəcalətli olmağı üzərilərinə götürərək, narahatçılıq içində öz qızlarını saxlayardılar.
Quran onlar barəsində belə buyurur: “Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!” (“Nəhl” surəsi, 58-59)
Qurani-Kərim bu ayədə İslam öncəsi cahiliyyət mədəniyyətində qız uşaqlarını diri halda torpağa gömdüklərinə işarə edir və bildirir ki, əgər onlardan birinə həyat yoldaşının qız uşağı dünyaya gətirdiyini xəbər versəydilər, onlar elə narahat olardılar ki, qəzəbdən çöhrələri qaralardı. Öz-özünə düşünərdi ki, görəsən xarlıq və sıxıntı içində qalaraq qızına baxsın, yoxsa onu diri halda torpağa gömsün? Əlbəttə bəzən qızlarını narahatçılıqla da olsa saxlayar, bəzən diri halda torpağa gömərdilər.
Cahiliyyət dönəmmindəki bu alçaq adət-ənənənin müxtəlif səbəbləri vardı:
1. Əgər döyüşlərdə məğlubiyyətə uğrasaydılar, qızları düşmənə əsir düşürdü və bu, onlar üçün ar və xəcalət sayılırdı.
2. Əvvəllər oğullar atalarının yanında çalışırdılar və atasının yanında işləməsi ailəsinin iqtisadi durumuna təsir göstərirdi, yəni gəlir gətirirdi. Qızlar isə təkcə ailənin büdcəsindən təmin olunurdurlar.
3. Bəzən isə cinsiyyətindən asılı olmayaraq övladlarını kasıbçılıq üzündən tələf edirdilər. Onlar qorxurdular ki, bu körpələri lazım olan qida ilə təmin edə bilməzlər.
4. Qəbilələr arasında davamlı müharibələr və çəkişmələr davam edirdi. Təbii olaraq, müharibədə iştirak etdiklərinə görə oğlan və kişilərinin sayı azalırdı. Bu da qız uşaqları ilə oğlan uşaqları arasında ciddi fərq yaradırdı. Nəticədə qız uşaqları cəmiyyətdə narahatçılıqla qarşılanırdı.
Bu amillər səbəb olurdu ki, kişi qadın azad olarkən evdən uzaqlaşdırdı, ta ki qız uşağının olması xəbərini ona vermək istədiklərində evdə olmasın. Əgər ona oğlu olduğu xəbərini versəydilər, sevincək və həyəcanlı şəkildə evə dönərdi. Amma əgər qızı olduğunu çatdırsaydılar, qəzəb və kədəri bütün bədənini bürüyərdi.

İndi aydın olur ki, cahiliyyət dönəmində heç də hamısı qız və oğlan seçimi etməyiblər. Bəziləri qızlarını öldürür, bəzilərisə cəmiyyətin qınağının qarşısında duraraq, məzəmmətedici baxışlara tuş gəlsələr belə, qızlarını saxlayırdılar. Quran bu durumu şiddətli şəkildə qınayaraq deyir: “Diri-diri gömülən qız (uşağı haqqında) soruşulduqda: Hansı günahına görə öldürlümüşdür?” (“Təkvir”, 8-9)
Qeyd edilir ki, belə bir qələtin birinci dəfə adət halını alması Bəni Təmimlə Kəsra arasında olan döyüşdən sonra olmuşdur. Belə ki, döyüşdə qəbilə qadınlarından bir dəstəsi əsir düşür. Onları Kəsra sarayına aparırlar. Orada qızlara kəniz kimi baxırlar. Bir müddət sonra iki tərəf arasında sülh bağlanır. Bəni Təmim öz əsirlərini geri istəyir. Kəsra sarayı onlara ixtiyar verir ki, istəsələr öz qəbilələrinə qayıda, ya da sarayda bilərlər. Qızlardan bir dəstəsi öz qəbiləsinə qayıtmır. Qəbilə kişilərisə qəzəblənirlər və qərara alırlar ki, bundan sonra qız sahibi olsalar onları diri-diri basdıracaqlar. Həmin işi də görürlər. Digər qəbilələr də bu alçaq əməli onlardan mənimsəyir və adət halına gətirirlər.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 135