background img
banner

Nə üçün İmam Hüseyn Müaviyənin dövründə qiyam etmədi?

Increase text size Decrease text size

Adətən sual verirlər ki, nə üçün İmam Hüseyn Müaviyənin zamanında deyil, Yezidin xilafəti dövründə qiyam etdi? Bunun bir neçə səbəbi vardır

1. İmam Həsən Müaviyə ilə döyüşdükdə kütlə onu tənha və köməksiz qoydu. Hətta İmamın qoşun başçısı da satılmışdı. İslam dinini, İslam məmləkəltərini, möminlərinin canını repressiyadan qorumaq, habelə Müaviyənin məkrli siyasətini ifşa etmək üçün sülh yolunu seçdi. Əslində bu sülh növbəti hərəkatın müqəddiməsi idi. Gəlin İmam Həsənin Müaviyə ilə bağladığı sülhün şərtlərinə baxaq:

– Müaviyə İmam Əlinin tərəfdarlarını təqib etməməli və onlara əziyyət verməməli idi.

– Müaviyə özü üçün Əmirəlmöminin, yəni Möminlərin əmiri ləqəbini işlətməməli idi.

– Müaviyə İmam Əli tərəfdarlarından müsadirə etdiyi, əllərindən aldığı malları geri qaytarmalı idi.

– Ümumi yerlərdə, mərasimlərdə, minbərlərdən həzrət Əlinin söyülüb təhqir edilməsi adətini yığışdırmalı idi

– Özündən sonra kimsəni xəlifə təyin etməməli idi.

Sözsüz ki, bütün bunlar Müaviyənin planları idi. Heç kəs də bunun üzərini aça bilmirdi. Çünki Müaviyə zahirdə özünü mömin, ibadət əhli və müsəlmanların xəlifəsi kimi aparırdı. Lakin sülh sazişi onun məkrinin üzərini açdı və o, qəlbindəki xəbisliyi gizlədə bilmədi. Tarixin şahid durduğu kimi, o, sülhün şərtlərinə əməl etmədi.

İmam Həsən sui-qəsdə məruz qaldıqdan sonra qardaşı Hüseyn bağlanan sülh sazişinə xatir qarşıdurmadan çəkindi. Çünki Müaviyə bu şərtləri tamamilə pozmalı və iç üzünü açmalı idi. Elə belə də oldu. Belə ki, Müaviyə vəfat etdikdən sonra bu əhd-peyman artıq aradan getmişdi. Cəmiyyət həm də yeni fəlakətlərlə üz-üzə idi. Həm sazişin müddəti bitmişdi, həm də daha faciəvi və həyəcna dolu dövr başlamışdı.

2. Məsələ belə idi ki, Müaviyə də İmam Hüseynlə qarşı-qarşıya gəlmək istəmirdi. Yaranacaq xaosdan qorxurdu. Elə buna görə də başqalarını da bundan çəkindirirdi. Məsələn, Yezidi özündən sonra xəlifə seçərkən oğlu üçün beyət almaqda zor tətbiq etməkdən ehtiyat etdi. Yezidə də tapşırdı ki, İmam Hüseynə qarşı mövqe seçməkdən çəkinsin. Lakin əyyaşlıq və hoqqabazlıqla məşğul olan gənc Yezid buna fikir vermədi. Elə hakimiyyətinin ilk günlərində İmam Hüseynə təzyiq göstərmək istədi və onu qətlə yetirəcəyi ilə hədələdi.

Sözsüz ki, İmam Hüseyn Yezidin heç bir şərtini qəbul etmədi. Nəticədə Kərbəla hadisəsi baş verdi və Yezid İmam Hüseyni qətlə yetirmək fərmanını çıxarmaqla Əbu Süfyanın qurduğu məkrli siyasətin sona çatmasına imza atdı.

3. Bayaq da qeyd etdik ki, Müaviyə məkrli siyasətçi idi. Xalq onun çirkin planlarından xəbərsiz idi. Amma Yezid atası ilə münasibətdə təcrübəsiz, avam və dağınıq biri idi. Belə bir kəsin xəlifəlik iddiası etmək və buna qarşı susqun mövqedə dayanmaq cəmiyyət içində şübhə yarada bilərdi. Belə bir görüntü yaranacaqdı ki, İmam Hüseyn Yezidin xəlifəliyini dəstəkləyir. Yəni məsələ Yezidin beyət tələb etməsində deyildi. Məsələ belə anlaşılmamalıdır ki, Yezid İmam Hüseynə təzyiq göstərdi deyə, İmam ona qarşı çıxmağa məcbur qaldı. Əgər İmam Hüseyn Yezidə qarşı çıxmasaydı, İslam aləmi biabırçı duruma düşəcəkdi. Onun sütunları lərzəyə gələ bilərdi. Camaat daha da yolunu azacaqdı. Zatən İmam Hüseynin zamanında abu-hava pis idi. Lakin ortada meyar qalmamışdı. Peyğəmbərin dövrü unudulmuşdu. İmam Hüseyn yenidən bu dəyərləri qabartdı və öz faciəsilə bunun aradan getməsinin qarşısını aldı.

4. Əgər İmam Hüseyn Müaviyənin zamanında ona qarşı çıxsaydı nə olacaqdı? Sözsüz ki, Siffeyndə baş verənlər heç kəsdən gizli deyil. İmam Əli kimi İslam tarixində ən nüfuzlu şəxs, Müaviyə ilə mübarizədə köməksiz qalmışdı. Düşünün ki, Müaviyə kimi məkrli insan daha sonra nələr edə bilərdi. Müaviyə onun qiyamını yatıra, bunu aradan apara, təbliğatı vasitəsilə hərəkatı yanlış tanıtdıra bilərdi. Müaviyə elə bir durum yaratmışdı ki, hətta İmam Əlinin namaz qılmasına şübhə edən kütlə vardı. Görün İmam Hüseyn əleyhinə nə kompaniya apara bilərdi. Yezidin dövründə isə tam fərqli idi. O bacarıqsız, yalnız özünü fikirləşən, əyyaş və pozğunun biri idi. Öz nəfsi istəklərinə görə bütün İslam ümmətini təhlükəyə atacaq qədər səriştəsiz idi. O, artıq Əbu Süfyan siyasətini süquta çəkirdi. Özünü və soyunu daha artıq rəzil gününə qoyurdu.

5. Diqqət olunmalıdır ki, xalqın əksər kütləsi Müaviyədən qorxurdu. Onun etdiyi represiyalardan xəbərdar idi. Buna misal Müaviyənin deyil, Yezidin dövründə İmam Hüseynə yazılan məktubları misal çəkmək olar. Əgər İmam Hüseyn bu qədər kütlənin çağırışına səs verməsəydi, süst, aciz və səmərəsiz görüntüsünü yaradacaqdı. İmam Hüseynin hərəkət və strategiyası çox mükəmməl idi. Onun Kərbəla olayına qədər olan davranışlarını, danışıqlarını, rəftarını izləmək və araşdırmaq lazımdır. Çünki nəticədə həmin durumun siyasi təsviri ortaya çıxacaqdır. İmam Hüseyn Həccə getdi. Nəticədə Yezidin məkrli planları ortaya çıxdı. Belə ki, Yezid tərəfdarları ehram libasları altında silah gizlədib sui-qəsd etmək istəyirdilər. Daha tarix təhrif oluna bilmədi. Ört-bastır edə bilmədilər.

Əgər təfərrüata varsaq yazı uzanacaqdır. Odur ki, bu hərəkatı mənimsəmək, analiz etmək lazımdır. Hər bir detalı incələmək lazımdır. Bu elə bir hərəkatdır ki, dünya durduqca xatirəsi yaşanacaqdır. Biz də, öz növbəmizdə bu olayı yaşatmağa çalışırıq. Müsəlmanların əzadarlıq etməkdə məqsədləri bu düşüncə tərzini, bu ideologiyanı, bu həyat fəlsəfəsini yaşatmaqdır.

Fərid Abdullah.

 

Tarix : 2016-10-28Baxış sayı : 88