background img
banner

“O gün yer başqa bir yerlə əvəz olunar” ayəsinin mənası nədir?

Increase text size Decrease text size

Yer və göylərin əvəz olunmasının (“İbrahim”, 48) mənası barədə təfsir alimləri müxtəlif nəzərlər söyləmişlər. Burada onlardan bəzilərini müxtəsər şəkildə təqdim edirik:
1. Həmin gün (Qiyamətdə) yer gümüş, səma isə qızıl olacaqdır. (Fəxrəddin Razi, “Məfatihul-Ğeyb”) Ola bilər ki yerin gümüş kimi pak və səmanın qızıl kimi parlaq olacağını nəzərdə tutublar.
2. Həmin gün yer Cəhənnəm, asiman isə Cənnət olacaqdır. (Təbərsi, “Məcməul-Bəyan)
3. Yer bir tikə xoşdadlı çörək olacaqdır ki, camaat Qiyamət günü boyu ondan yeyəcəklər. (Məcməul-Bəyan)
4. Yer hər kəs üçün ehtiyac duyacağı durumda əvəz ediləcəkdir. Möminlər üçün çörək halını alacaqdır ki, məhşər günü boyunca ondan qidalanacaqdır, başqaları üçün gümüş, kafirlər üçünsə atəş olacaqdır. (Məcməul-Bəyan)
5. Əvəz olunmaqdan məqsəd onun az və çox olmasıdır. Bu mənadadır ki, dağlar, təpələr, ovalıqlar, ağaclar hamlıqla aradan gedəcəkdir və yer – sərilmiş bir süfrə kimi olacaqdır. Göylərin əvəz olunması isə budur ki, günəş, ay və ulduzlar aradan gedəcəkdir və yerdə, göydə olanlar öz vəziyyətini dəyişəcəklər. (Məfatiyhul-Ğeyb)
Bu məsələdə fərqli fikirlərin olması bu ayə haqqında söylənilən müxtəlif rəvayətlərin olması üzündəndir. Mötəbər olduğu surətdə rəvayətlərin fərqli olması daha üstün şahiddir ki, ayənin zahiri nəzərdə tutulmamışdır. Bu rəvayətlər misdaq (nümunə) ünvanındadır.
Göylərin və yerin əvəz olunması barədə söz açılması bunu aydın edir ki, bu məsələ əzəmət baxımından bənzərsizdir və biz bunu təsəvvürümüzə gətirə bilmərik. Məsələn, yerin gümüş, göyün qızıl olmasını, hər şeyin yerlə-yeksan olaraq bir müstəvi şəkilini almasını, yaxud çörək halına gələcəyini və sair vəziyyətləri zehnimizə gətirsək belə, yenə də olduğu kimi təsəvvür edə bilmərik.
Bu cür ifadələr təkcə rəvayətlərdə deyil, Quran ayələrində də öz əksini tapmışdır. Məsələn, “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq” (“Zumər”, 69), “Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək”. (“Nəbə”, 20) Bu ayələr də rəvayətlər kimi bir sıra nizamdan xəbər verir ki, dünyəvi xüsusiyyətlərə, bənzərliklərə malik deyil. Deməli, aydındır ki, yerin Rəbbin nuru ilə işıqlanması günəş və ulduzlar vasitəsilə işıqlanmasından başqa bir şeydir”. (Ətraflı bax: Əl-Mizanın tərcüməsi, c.12, s.129-130)
Həm də nəzərə almaq lazımdır ki, rəvayətlər arasında ixtilafın olması həmin rəvayətləri nəql edən ravilərin mətləbi necə fəhm etdiklərindən də doğur. Belə ki, məsumlar sual verən hər kəsin öz tutumuna uyğun onlara cavab verirdilər ki, bununla qane olsunlar. Çünki təbii dünyavilik libasında qaldığı müddət ərzində bəşər axirət dünyasının vəziyyətlərinin keyfiyyət və kəmiyyətini anlamaq iqtidarında deyil. Düzdür, burada bir sıra nəfsləri pak kəslər istisnadır ki, icmal şəklində qeybdən müəyyən qədər elmə malikdirlər. (Ətraflı bax: Məxzənul-İrfan dər təfsiri-Quran, c.7, s.106)

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 107