Həzrət Adəm (ə) hansı namazı qılmış və sonra tövbə etmişdir?
Həzrət Adəm (ə) hansı namazı qılmış və sonra tövbə etmişdir?
Bu haqda bir neçə rəvayət mövcuddur:
1. İmam Həsən Müctəba (ə) Həzrət Əlidən (ə) nəql edərək deyib ki, bir dəstə yəhudi Peyğəmbərin (s) yanına gəldi. Onların ən bilikli olanı həzrətdən bir neçə məsələ soruşdu. Həmin suallardan biri o idi ki, nə üçün Allah-taala bu beş namazı gün ərzində beş növbə ilə ümmətinə vacib etmişdir? Peyğəmbər öz söhbətinin gedişatında (həmin məsələlər bizim mövzuya aid deyil) buyurdu ki, Məğrib namazı – Allahın Adəmi (ə) bağışladığı və onun tövbəsini qəbul etdiyi saatdır. Adəmin həmin ağacdan qəbul etdiyi vaxt ilə Allah-taalanın onun tövbəsini qəbul etdiyi vaxt arasında dünya günlərindən üç yüz il fasilə olmuşdur. Axirət günlərində isə bir gün min ilə bərabərdir. Bu müddət Əsrdən İşa arasında idi. Həzrət Adəm üç rəkət namaz qıldı. Bir rəkət xətasının kəffarəsinə görə, bir rəkət Həvvanın xətasının kəffarəsinə görə, o biri bir rəkət isə tövbəsinin qəbul olunmasına şükür əlaməti üçün idi. Sonra Allah-taala bu üç rəkət namazı mənim ümmətimə vacib etdi. (Şeyx Səduq, “Mən la yəhduruhul-fəqih”, c.1, s.211 və 213)
2. İmam Sadiq (ə) buyurmuşdur ki, ... Adəm (ə) Ərəfatdan çıxdı və yeddi dağdan keçdi. Cəbrailin göstərişilə hər dağın başında dörd təkbir (Allahu əkbər) dedi. Sonra gecənin üçdə biri Cəm (Məş`ər) vadisinə çatdı. Orada Məğrib və İşa namazlarını birləşdirdi. Elə həmin səbəbə ora Cəm vadisi adlandırılmışdır. (Şeyx Səduq, “İləlüş-Şəraye”, c.2, s.400)
Hazırladı: F.A.