Adəm (ə) həsəd edibmi? O hansı ağacın meyvəsindən yemişdi?
Aşağıdakı rəvayət sənəd, mətn və dəlalət baxımından səhihdir, yoxsa zəif?
“İbn Quteybə Həmdan ibn Süleymandan, o da Hərəvidən nəql edərək deyib: “Rzaya (ə) dedim ki, ey Allah Rəsulunun oğlu, mənə o ağacdan xəbər ver ki, Adəm və Həvva ondan yedi. Nə idi o? Belə ki, camaat onun barədə fikir ayrılığına düşüblər. Bəziləri rəvayət edir ki, o, buğda olmuşdur. Bəziləri üzüm olduğunu, bir dəstəsi həsəd ağacı olduğunu rəvayət edir. O buyurdu: “Hər biri haqdır”. Dedim ki, bəs ixtilafına görə bu cəhətlərin mənası nədir? Buyurdu ki, ey Əbasəlt, həqiqətən də, cənnət ağacında cürbəcür növlər(lə meyvə) olur”.
Mərhum Şeyx Səduqun bir neçə rəvayət kitabında, o cümlədən “Uyunu Əxbarir-Rza (ə)” və “Məaniul-Əxbar” da qeyd olunmuşdur. Bu rəvayət bir sənəd, bir möhtəva ilə hər iki kitabda gəlmişdir. Bu onu göstərir ki, tək bir rəvayət olmuşdur ki, mərhum Səduq hər iki kitabda onları nəql etmişdir.
Bu rəvayətin məzmunu və mənası belədir:
Əbdussəlam ibn Saleh Hərəvi (Əbasəlt) rəvayət etmişdir ki, İmam Rzaya (ə) dedim: Ey Allah Rəsulunun oğlu, mənə Adəm və Həvvanın yediyi həmin ağacın (meyvənin) həqiqətindən xəbər ver. Belə ki, camaat bu barədə fikir ayrılığındadır. Onlardan bəzisi bu ağacın buğda, bəzisi üzüm, bəzisi isə həsəd ağacı olduğunu rəvayət edirlər.
Həzrət buyurdu: Bütün bu yozumların hamısı səhihdir. Soruşdum ki, bəs bunun nə mənası var və bu ixtilaf nəyə görədir? Buyurdu: Ey Əbasəlt, cənnət ağacları növbənöv meyvə verir. Onlar dünya ağacı kimi deyil (ki, hər bir ağacın bircə meyvəsi olsun). Adəm və Həvvanın yedikləri həmin meyvə buğda idi ki, üzüm də verirdi. Haqq-taala Adəmi hörmətli tutduqda və mələklərə ona səcdə etməsini tapşırdıqda, onu cənnətin daxilində məskunlaşdırdı. Özlüyündə düşündü ki, görəsən Allah məndən üstün cins yaratmışdırmı? Allah öncədən onun düşüncəsini bildiyi üçün nida gəldi ki, ey Adəm, başını qaldır və ərşə nəzər sal. Adəm başını qaldırdı və ərşə nəzər saldı. Ərşin üzərində yazılmışdı: “Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd Allahın Rəsulu, Əli ibn Əbu Talib Möminlərin əmiri, onun zövcəsi Fatimə aləmlərdə olan xanımların xatunu, Həsən və Hüseyn isə cənnət gənclərinin ağalarıdır”. Adəm soruşdu: İlahi, onlar kimdir? Allah-taala buyurdu: Onlar sənin və övladlarının zürriyyətidir. Onlar səndən və bütün yaratdıqlarımdan üstündürlər. Əgər onlar olmasaydı, nə səni, nə cənnəti, nə cəhənnəmi, nə səmanı, nə də yeri yaradardım. Ona görə də məbada onlara həsəd gözü ilə baxasan. Yoxsa səni Öz civarımdan çıxararam. Beləcə, Adəm onlara həsəd gözü ilə baxdı və onların dərəcəsini özü üçün arzuladı. Beləliklə, Allah-taala Şeytanı ona müsəllət etdi ki, qadağan etmiş olduğu ağacdan yesin. Şeytanı Həvvaya müsəllət etdi. Çünki Fatiməyə həsəd gözü ilə baxmışdı. Belə ki, o da Adəm kimi həmin ağacdan yesin. Nəticədə Allah hər ikisini cənnətdən çıxartdı və Öz civarından yer üzünə saldı. (Uyunu Əxbarir-Rza (ə), c.1; s.306)
Hədisin sənədinin araşdırılması
Əbdülvahid ibn Məhəmməd ibn Ubdus Səduqun şeyxlərindən olmuşdur. İbn Quteybə də Fəzl ibn Şazanın şagirdlərindən olmuşdur. Təkcə Nəcaşi onun barədə bu nöqtə ilə kifayətlənmişdir ki, Kəşşi öz Ricalında ona etimad etmişdir. (Nəcaşi, Ricalun-Nəcaşi, s.259)
Həmdan ibn Süleyman Nəcaşinin izahına görə siqə və etimadolunası şəxsdir. (Həmin, s.138) Nəhayət, Əbdüssəlam ibn Saleh Hərəvi (Əbasəlt) də siqə, həmçinin İmam Rzanın (ə) ravi və əshablarından olmuşdur. (Həmin, s.245)
Hər təqdirdə bu rəvayət sənəd baxımından ali dərəcədə qərar tutmasa da, onun İmam tərəfindən sadir olunmasına etimad tapmaq olar.
Hədisin möhtəvasının araşdırılması
Rəvayətin əvvəlində izah olunduğu kimi, imamlardan (ə) yetişmiş müxtəlif rəvayətlərdə bu ağac müxtəlif ifadələrlə qeyd olunmuşdur. (Molla Möhsin Feyz Kaşani, bu rəvayətlərdən bəzilərini öz təfsirində qeyd etmişdir: Feyz Kaşani, Əl-Əsfa fi təfsiril-Quran, c.1, s.29)
Ağacın bütün meyvələrə malik olmasına gəlincə, cənnət ağaclarının xüsusiyyətlətinə malik ola bilər. Buna bir maneə yoxdur. (Bəziləri təcrübi yollar və əkinçilik elmlərindən istifadə edərək ağacları bir yerdə peyvənd etməklə bu cür nəticə əldə edə bilərlər) Quran cənnət ağaclarının digər xüsusiyyətləri barədə belə buyurur: “Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun (ağacları) altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur”. (Rəd, 35) Yəni cənnət meyvələri daimi və həmişəlikdir. Onlar bu dünya ağacları kimi deyil ki, yalnız xüsusi fəsildə meyvə versinlər.
Bircə qalır rəvayətin axır hissəsi. O da peyğəmbərlərin məqamına layiq deyil. O yer ki, deyilir: “İlahi, o kəslər kimdir? Allah buyurdu: Onlar sənin və övladlarının zürriyyətindir. Onlar səndən və bütün yaratdıqlarımdan üstündürlər. Əgər onlar olmasaydı, nə səni, nə cənnəti, nə cəhənnəmi, nə səmanı, nə də yeri yaradardım! Məbada onların dərəcəsinə həsəd gözü ilə baxasan, yoxsa səni Öz civarımdan çıxararam. Beləcə, Adəm onlara həsəd gözü ilə baxdı və onların dərəcəsini özü üçün təmənna etdi”.
Çünki həsəd etmək peyğəmbər və ilahi canişinlərin şənindən və ismətindən uzaqdır. Buna görə də Əllamə Təbətəbai bu hədisin izahında demişdir ki, gərək “Həsəd gözü” peyğəmbər məqamını təmənna və arzu etmək kimi mənalandırılsın. Daha əxlaqi rəzilliklərdən olan həsəd kimi deyil. (Seyid Məhəmmədhüseyn Təbətəbai, “Əl-Mizan fi təfsiril-Quran”, c.1, s.144)
Buna görə də bu rəvayəti onun məna və möhtəvasına diqqət etməklə, verilmiş izahla birlikdə qəbul etmək olar.
Hazırladı: F.A.
İnternet resurlslarından istifadə edilib.