background img
banner

Peyğəmbərlərin zikrlərinin adi camaatdan fərqi varmı?

Increase text size Decrease text size

Məsələn, adi camaat “Əstəğfirullah” (Allahdan bağışlanmağımı istəyirəm), peyğəmbərlər isə “Ya Ğafirəl-Xətaya” (Ey xətaları Bağışlayan) deyir? Əgər adi şəxslər bu cür desələr, peyğəmbərlərlə eyni dərəcədə olurlar, ancaq peyğəmbərlik məsələsinə görə sıravi camaat onlardan aşağı dərəcədə olur?

Məsələ sualda qeyd edildiyi kimi deyil. Əksinə, sıravi camaata tövsiyə olunan zikrlərdə də “Ya Ğafirəl-xətaya” zikri mövcuddur. Məsələn, “Cövşən-Kəbir” duasında “Ya Ğafirəl-Xətaya” ifadəsi qeyd edilmişdir. Həm də rəvayət olunmuşdur ki, peyğəmbərlər də istiğfar etmişlər.

İmam Sadiq buyurur: “Həqiqətən də, Allah Rəsulu həmişə tövbə edər, hər gecə-gündüz yüz dəfə istiğfar edərdi. Özü də bir günahı olmadan. Həqiqətən, Allah-taala bəlanı övliyalarına aid edir. Baxmayaraq ki onlar heç bir günaha malik deyillər. Bunun da məqsədi onlara mükafat vermək üçündür”. (Təfsirul-Qummi)

Müxtəlif mövqelərdə fərqli duaların yaranması mümkündür ki, bu, təkcə peyğəmbərlərin xüsusiyyətinə aid deyil. Sualda qeyd olunan nəticəyə gəlmək düzgün deyil. Demək olmaz ki, peyğəmbərlərin aliliyi və uca məqama sahib olmaları təkcə onların risalət məqamına görə olmuşdur. Allahın əzəmətli peyğəmbərləri Haqq-Taalanın xalis bəndələrinin ən önəmliləri sayılırlar və onlar elə insanlardır ki, kamil ixlas və mücərrəd ağıl mərhələsinə yetişmişlər.Onlar kamilliyin, ismətin, paklığın, saflığın və elmin ən üstün və seçkin nümayəndələri olmuşlar. Belə ki, Quran ilahi peyğəmbərlərin müqəddəsliyini, onların ali məqama malik olmalarını müxtəlif ifadələrlə xarakterizə etmişdir.

Məsələn, “Ali İmran” surəsinin 33-cü ayəsində deyilir: “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini aləmlər üzərində seçilmiş etdi”.

“Ənam” surəsində İshaq, Yəqub, Nuh, Davud, Süleyman, Əyyub, Yusif, Musa, İsa və sair peyğəmbərlərin adı çəkildikdən sonra onlar”muhsinin” (yaxşı iş görənlər), “salehin” (əməlisalehlər) kimi vəsf olunurlar. Allah onları aləmlər üzərində üstün-seçkin etmiş və onları doğru-düzgün yola hidayət etmişdir.

Allah digər ayələrdə də onları üstün bir vəsflə mədh etmişdir ki, Qurana müxtəsər şəkildə müraciət etməklə bu ali məqamı müxtəlif mənəvi istiqamətlərdən yaxşıca görmək mümkündür.

Əlbəttə, “Ey Allah yanında adlı-sanlı olan, bizə Allah dərgahında şəfaətçi ol” kimi Peyğəmbərin özünə ünvanlanan dualar Peyğəmbərin öz dilindən edilmiş dualardan sayıla bilməz.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 91