background img
banner

Harun Ər-Rəşidin dövründə yaşamış Bəhlul kim olub?

Increase text size Decrease text size

İslam dünyasında “Buhlul” “بُهْلُول” adlı bir neçə insan olmuşdur. Lakin məşhur Bəhlul həmiş şəxsdir ki, Harun Ər-Rəşidin dövründə yaşamış (İbn Cövzi, Əbdürrəhman ibn Əli, "Əl-Müntəzəm”, c.9, s.202) və İmam Cəfər Sadiqin əshabından sayılmışdır. (Ağa Bozorg Tehrani, “Əz-Zəriətu ilə təsanifiş-Şiə, c.8, s.62) Rəvayətə görə Harun Ər-Rəşidin əmisi oğlu olmuşdur. (Müstəfəvi, “Tarixi-Qozide”, s.637) Bəhlulun tam adı Buhlul ibn Əmr əs-Seyrəfi, Əbu Vəhib əl-Məcnundur. (Xətib Bağdadi, “Tarixu Bağdad”, c.21, s.65) Nəzərə çarpır ki, o Buhlul ibn Məhəmməd əs-Seyrəfidir ki, Şeyx Tusi onu İmam Sadiqin əshabından hesab etmişdir. (Tusi, “Əl-Əbvab” (Ricalut-Tusi), s.173)

Bəhlula “Buhlul Məcnun (divanə)” ləqəbi vermişlər. (Xətib Bağdadi, “Tarixu Bağdad”, c.21, s.65) Bəhlulun dəlilik, divanəlik məsələsi barədə fərqli sözlər demişlər. Onlardan məşhuru budur ki, onun özünü dəli kimi aparması İmam Musa Kazimin göstərişi ilə olmuşdur, ta bu yolla Bəhlul öz canını qorusun və Abbasi xəlifəsinin əziyyətindən əmin-amanlıq tapsın. Həmçinin başqa səbəbləri də vardır. Bir sözlə, onun dəliliyi təqiyyəyə əsaslanırdı. (Əmin Amili, “Əyanuş-Şiə”, c.3, s.617; Şəbistəri, “Əl-Faiq fi ruvati və əshabi əl-İmam əs-Sadiq, c.1, s.257) Əgər bu fikri qəbul etsək, aydın olur ki, o, İmam Kazimin dövründə də yaşamışdır.

İrfani mətnlərə görə, Bəhlulun dəliliyi və onun nəzərləri imanın üstünlüyü və ilahi eşqə bağlı olan iradəsiz işlər idi ki, onların xalqla olan bağlılığı çətin, bəzən mümkünsüz idi və onun sözlərini dəlilik kimi hesab edirdilər. (Bəqli Şirazi, “Təfsiru əraisil-bəyan fi həqaiqil-Quran”, c.1, s.257; İbn Ərəbi “Əl-Fütuhat əl-Məkkiyyə”, c.2, s.522) Onun elmi və mənəvi şəxsiyyəti barədə deyiblər ki, Bəhlul ağıllı divanələrdən və şirindil birisi olmuşdur. Onun nadir sözləri və şeirləri olmuşdur”.

Qazi Nurullah Şüştəri deyib ki, Bəhlul Harunun dövründəki ağıllı kəslərin fəzilət sahiblərindən olmuşdur ki, məsləhət üzündən özünü divanəliyə vurmuşdur. Onun doğulduğu yer Kufə şəhəri, əsl adı isə Vəhb (yaxud Vəhəb) ibn Əmrdir”. (“Məcalisul-muminin”, s.14)

Bununla yanaşı, tərcümeyi-hal mənbələrində və mötəbər təbəqələrdə onun barədə az sayda dastanlar nəql olunmuşdur. Bu üzdən demək olar ki, Bəhlul haqqında və onlardan bəzilərinin imamlarla əlaqədar olması barədə nəql olunan dastanlar mötəbər tarixə istinad edilir, ya da arxayınçılıq yaratmır.

Məsələn, “Əs-Səvaiqul-Muhriqə” kitabında belə bir əhvalat nəql olunmuşdur. Həm də məlum deyil ki, bu uşaq İmam Həsən Əskəri olub, ya yox. Hər halda əhvalat belədir:
Bir gün Bəhlul uşaq olan İmam Əskərilə qarşılaşdı. Gördü ki, uşaqlar oyun oynayır, o isə ağlayır. Güman etdi ki, uşaqların əlində olana görə ağlayır. Narahat oldu. Buna görə də dedi ki, istəyirsən sənə bir şey alım oynayasan?
Buyurdu ki, ey ağılsız, biz oyun oynamaq üçün yaradılmamışıq. Bəhlul dedi ki, bəs niyə yaradılmışıq? Dedi ki, elm və ibadət üçün yaradılmışıq. Bəhlul dedi ki, bunu hardan bilirsən? Dedi ki, Allah-taalanın buyurduğundan: “Məgər siz güman edirsiniz ki, biz sizi əbəs yaratmışıq və bizə tərəf qaytarılmayacaqsınız?” (“Muminun”, 115; Hisəmi, “Əs-Səvaiqul-Muhriqə”, c.2, s.599-600)

Ancaq Bəhlulun Mütəvəkkil Abbasinin dövrünə qədər yaşaması insanda şübhə yaradır və təkcə yuxarıdakı dastana etina etmək olmaz. Çünki bəzi nəqllərə əsasən Bəhlul h.q.190-cı ildə vəfat etmişdir və qəbri Bağdaddadır.
Ən doğrusunu Allah bilir.

Hazırladı: Fərid Abdullah.
Bəzi internet resurslarından istifadə edilib.

Tarix : 2016-09-23Baxış sayı : 216