background img
banner

Seyidlik haqqında kiçik mülahizə

Increase text size Decrease text size

Bizim cəmiyyətdə, bir sıra məntəqələrdə olduğu kimi, seyidlərə ehtiram göstərilir. Lakin son illər ərzində seyidlərə qarşı neqativ hisslərin də artmasını danmaq olmaz. Bu halların yaranma səbələrindən bir neçəsi də budur ki, əksər seyidlər öz seyidliklərindən çox istifadə etmiş, özlərini üstün bilmiş, bəzisi seyidliyindən istifadə edərək mənfəət əldə etməyə çalışmışdır. Bu da bəzi şəxslərin düşüncəsində mənfi obraz formalaşdırmışdır. Bəs seyidlər kimdir? Həqiqətənmi, onların belə üstünlüyü vardır?
Seyid olan şəxs ata tərəfindən nəsəbi Haşimə çatan kəsdir. Hüquqi cəhətdən seyid və qeyri-seyid bərbabərdir və onların birinin digərindən heç bir üstünlüyü yoxdur. Seyidlərin nəsəbi Peyğəmbərə gedib çatdığına görə onların zəkatdan nəsibi yoxdur. Lakin Allah və Peyğəmbərin haqqı olan xümsdən faydalana bilərlər. Tarix göstərmişdir ki, Peyğəmbər ailəsi camaatın pənah yeri olmuşdur, onlar kasıb-küsuba əl tutmuşlar. Onların dilənməsi, pul yığması və sair kimi davranışları qadağan edilmişdir. Bir seyidin nəzir və pul adı altında maddi mənfəət umması, onun Peyğəmbərə xəyanət etməsi deməkdir. Çünki bu Peyğəmbər nəslinin davranışına ziddir. Həmçinin, seyidliyindən istifadə edərək özünü xüsusiləşdirməsi də buna aiddir. Sözsüz ki, bu cür seyidlər azdır.
Bəs biz nə üçün seyidlərə ehtiram göstəririk? Göstərməliyikmi? Bəli. Göstərməliyik. Şura surəsi 23-cü ayədə buyurulmuşdur: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm." Bilirik ki, tarix boyu kütləvi surətdə seyidlərə qarşı qətliamlar baş vermişdir. İndiki zamanda seyidlik iddiasında olan bir çoxlarının, hətta seyid olması şübhəli sayılsa da, həqiqi seyidlərin varlığını danmaq olmaz. Müsəlmanlar da bu ayəyə əsasən, Peyğəmbər nəslinə ehtiram və hörmət göstərirlər. Baxmayaraq ki, qeyd edilən ayə Əhli-Beytdən olan Fatimə Zəhra və imamlara aiddir.

Tarix : 2016-09-23Baxış sayı : 115