background img
banner

Nə üçün bir kişinin şahidliyi iki qadının şahidliyinə bərabərdir?

Increase text size Decrease text size

Məsələyə cavab tapmağa başlamazdan əvvəl bir neçə məsələyə diqqət edək:

1. İslamın hüquq və cəza sistemində kişi ilə qadın arasında bir neçə fərq vardır. Misal üçün, İslamın cəza sistemində bəzi məsələlərdə kişinin etdiyi cinayət sübuta yetirildikdə, kişi edam olunsa da, həmin məsələdə edam qadının boynundan götürülür. (Qeyd edək ki, kişi və qadın barəsində edam hökmünün çıxarılması cinayətə görə fərq edir.) İslam dini kişinin öhdəsinə bir çox məsuliyyətlər qoymuşdur ki, belə bir öhdəçilikdən qadını azad etmişdir və ya elə bir işlər var ki, o qadının öhdəçiliyindədir və kişi bu məsələyə müdaxilə edə bilmir. Belə bir fərqlilik kişi və qadının yaradılış sturkturuna görədir. Çünki qadın və kişinin əxlaq-ruhiyyəsi eyni deyil. Buna görə də Allah-Taala bir çox məsələdə kişiyə etdiyi tələbi qadının boynundan götürür. Həmçinin qadından tələb etdiyini kişidən tələb etmir. Allah-Taala qadın və kişinin hərəsini bir iş üçün yaratmışdır. Buna riayət etməklə dünya nizamının harmoniyası tamamlanır. Kişi və qadın eyni cinsdən olsalar da, müxtəlif hüquqi məsələlərdə onların fərqlilikləri vardır. Elə İlahi ədalət də onların vəzifə və öhdəçiliklərinin fərqli olmasını tələb edir. Belə olmasaydı, bu, İlahi ədalətin ziddinə olardı.

2. İslam dininə görə hakim (qazi) yanında şahidlik etmək və ya məlumatlandırmaq bir imtiyaz deyil, əksinə olaraq, vəzifə, öhdəçilik, təklif və ən əsası məsuliyyətdir. Başqalarının hüquqları pozulmasın deyə, İslam bu vəzifəni fərdlər arasında ixtilaf məsələsində dəqiq informasiyaya malik olan insanların öhdəsinə qoymuşdur ki, hakim qarşısında durub açıqlasınlar və şahidlik etsinlər. Buna görə də Quran şəhadəti gizlətməyi qadağan etmişdir. ("Bəqərə", ayə 283 - "Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!") Bir nəfərin məhkəmədə şahid ifadəsinin qəbul edilməməsi və ya qənaətbəxş hesab edilməməsi onun hüquqlarının pozulması deyil, öhdəçilik və vəzifəsinin yüngülləşdirilməsi kimi başa düşülür.

3. Şübhəsiz ki, şahidliyi yerinə yetirmək öhdəçiliyinin kişi və qadının yaradılış, ruhiyyəsi ilə bilavasitə əlaqəsi vardır. Bu o demək deyil ki, biri naqis, digəri isə kamildir. Misal üçün, qadına aid bəzi məsələlər var ki, həmin məsələlərdə kişilərin şahidliyi qəbul edilmir. Həmçinin bəzi məsələlərdə də qadın şahidlikdən azad edilmiş və bu, kişilərin öhdəsinə qoyulmuşdur. Bəzi məsələlərdə isə iki qadının şahidliyi bir kişinin şahidliyini əvəz edir. Bütün bu qanunlar hikmət və qanunvericilik (qanunvericilik sistemi (təşrii-nizam) bəşərin ixtiyari fəaliyyətləri ilə əlaqəsi olan qanunlardır) və yaradılış sistemi (yaradılış sistemi (təkvini-nizam) insan yaradılışına hakim olan qanun, vəzifə və öhdəçiliklərdir ki, bəşərin ixtiyarı ilə heç bir əlaqəsi yoxdur) arasında həmahəngliyi qorumaq (stabilləşdirmək) üçündür. Deməli, qanunvericilik sistemi yaradılış sistemi ilə üst-üstə düşməsə, onun heç bir dəyəri yoxdur. Təşrii-nizamın dəyər və imkanları onun təkvini nizamla uyğunluğu qədərdir. 

Yaradılış (təkvini) sistemində kişi və qadın bir neçə cəhətə görə bir-birindən fərqlənirlər:

1. Üzv və orqanlara görə: Bütün kişi və qadınlar əza və orqan cəhətindən bir-birilərindən fərqlənirlər. Qadın və kişinin bədənində tüklərin çıxması; dərialtı piy; toxumalar; dərinin incəliyi, zərifliyi və qalınlığı; sümüklərin forma, həcmi və çəkisi; sümüklərdə üzvi və maddi mineralların miqdarı; əzələlərin qalınlığı; biləngin gücü; beynin çəkisi, həcmi və həndəsi forması; ürəyin çəkisi; nəbzin döyüntüləri; qan təzyiqi; bədənin hərarəti; dəqiqədə tənəffüs sayı; boy; çəki; səs titrəyişi; bədənin tər ifrazatı; qanda olan eritrosit və leykositlərin miqdarı; ağ ciyərin tutumu və həcmi; kişi və qadının boy artımı; xülasə, hətta bir tükün quruluşunda belə fərqlidirlər. 

2. Hisslər, emosiyalar, meyillilik və əxlaq baxımından: Psixoloqlar hesab edirlər ki, məhəbbət, reaksiya, emosiya və himayədarlıq qadının spesifik xüsusiyyətlərindəndir. Bunun qarşılığında aqressiya, müstəqillik, rəqabət, dominantlıq və hökmranlığı kişinin spesifik göstəricisi hesab edirlər. Həmçinin deyirlər: Sevgi, şəfqət, emosiya və odlu-alovlu hisslər, cilvələnmək, cazibədarlıq, bəzənib-düzənmək (süslənmək), parça, paltar, qızıl və zinət əşyalarına maraq göstərmək qadının xüsusiyyətlərindəndir. Qadın özünü kiməsə oxşatmaq, modabazlıq, cah-cəlal düşkünlüyü, gülmək və ağlamaq cəhətindən kişidən daha öndədir. Qadınlar hiss və emosiyalara daha çox malik olduqları üçün kövrək və duyğulu səhnələrdən daha çox təsirlənir və həyəcanlanırlar. Yaradılış nizamında bu xüsusiyyətlər olduğu üçün, qanunvericilik sistemində elə həll yolları müəyyənləşdirmək lazımdır ki, şahidlik zamanı insanların hüquqları pozulmasın. 

a) Emosiya və hislərin qadında dominantlığı həyəcanverici hadisələrdə bir çox şeylərin unudulmasına gətirib çıxara bilir. Qadınlar tez inanıb, təsir altına tez düşdükləri üçün belə deyə bilərik ki, qadınların şahidliyi vasitəsilə hüquqların pozulmaması üçün onların şahidliyinin bir etibarı yoxdur. Gəldiyimiz bu qənaət yalnız qadınların şahidliyindən asılı olan situasiyalarda da hüquqların pozulmasına səbəb ola bilər. 

b) Bütün hallarda qadınların şahidliyinin kişilərin şahidliyi ilə eyni olmasını qəbul edir və eyni etibara malik olduğunu deyirik. Bu fikir məhkəmədə çıxarılan hökmlərin nöqsanlı olmasında və hüquqların pozulmasına səbəb olur. 

4. Problemin daha münasib həll yolu: İnsanları yaradan və onların bütün gizli sirlərindən agah olan Allah, insanların hüquqları ilə bağlı olan işlərdə (Allaha deyil, insanlara aid olan hüquqlarda) qadınların şahidliyinə etibar və etimad göstərilməsini buyurub. Lakin işin daha etibarlı (əmin) olması üçün, bir kişinin şahidliyinin məqbul hesab edildiyi yerdə iki qadının şahidliyi, iki kişinin şahidliyinin tələb olunduğu məsələlərdə dörd qadının şahidliyi qəbul edilməlidir. Üçüncü nəzəriyyə həm ədalətin, həm də yaradılış nizamının qanunauyğunluğuna müvafiq olduğu üçün İslam dinində qəbul edilmişdir. 

3. Əksər hallarda küçə və bazarlarda kişilər qadınlardan daha çox olur. Fərz edək ki, küçədə iki nəfər dava edir və bir-birlərinə bıçaq və dəyənəklə xəsarət yetirirlər. Bir az keçdikdən sonra kişilər onları əhatəyə alır və ayırmağa çalışır. Əgər bu hadisədə ölüm və ya yaralanma halı baş veribsə, kişilər bu məsələnin əyani şahidi olduqları üçün daha düzgün şahidlik edə bilirlər. Bu məsələdə qadınlar iştirak etmədiyi üçün və ya iştirak etsələr belə kənarda durmaları və ya kişilər tərəfindən hadisə yerindən uzaqlaşdırıldıqları üçün əyani surətdə hadisəyə şahidlik edə bilmirlər. Belə bir halda bir kişinin şahidliyinin qəbul edilməsi və bir qadının şahidliyinin qəbul edilməməsi təbii haldır.

4. Bütün hallarda qadınlarının şahidliyinin qəbul edilməsi və gündəlik qarşılaşdığımız ixtilaflı məsələlərdən ötrü qadınların məhkəmələrə çağrılması qadınlara qarşı nəinki hörmət qoymaq, əksinə cəmiyyətdə daha böyük vəzifələri boynuna götürmüş bu incə və zərif varlığa bir növ xəyanətdir. 

Hazırladı: Fərid Abdullah. 

Tarix : 2016-10-06Baxış sayı : 81