background img
banner

Yer 6 günə yaradıldı?

Increase text size Decrease text size

Allah-Taala "Səcdə" surəsinin 4-cü ayəsində buyurur:


اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ
"Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən Allahdır... "


Bu ayədən sonrakı bir neçə ayədə isə Allahın yeri iki, yer əhlinin azuqəsini isə dörd günə yaradaraq yeddi səmanın nizamını iki gündə möhkəmləndirdiyi qeyd edilir. Burda bir neçə sual meydana gələ bilər:
1.Bu ikisinin bir-biri ilə rabitəsi nədir?
2.Altı gün və ya iki gününün yerdəki ekvivalenti nədir? Bunlar Yer hesabı ilə neçə gün edir?
3.Allah bütün bunları bir anda yarada bilməzdimi? Bu tədrici yaradılış "Allahın ol dediyi şey həmən olur məntiqi" ilə ziddiyyət təşkil emirmi?
Ayələrdəki "Yəvm" kəlməsi və gün məfhumunun mənası.
Qurani-Kərimdə Allahın yeri və göyləri altı günə yaratmasına dəlalət edən bir çox ayələr vardır (Əraf / 54, Yunus / 3, Hud / 7, Səcdə / 4). Digər tərəfdən də "Füssilət" surəsinin 9 və 10-cu ayələrində Allahın yeri iki günə, onda olan azuqələri isə dörd gündə yaratmasına işarə olunur. Elə bu surənin 12-ci ayəsində yeddi səmann nizamının da Allah tərəfindən 2 günə möhkəmləndirilməsi bəyan olunur. 
Göylərin və yerin 6 günə xəlq olunmasına dəlalət edən ayələrdəki "yəvm -gün" sözünün ifadə etdiyi məna "dövr" (mərhələ) dediyimiz müəyyən bir zaman kəsiyidir. Bu yerin öz xəyali oxu ətrafında hərəkəti nəticəsində meydana gələn bizim dərk etdiyimiz həmin adi gün mənasında deyildir. Həm Quranda, məm də digər dini mətnlərdə müəyyən zaman kəsiyini (zamanın müəyyən hissəsini) ifadə edən "gün" sözündən istifadə olunmuşdur.

(Əl-Mizan, c.17, səh.362-363)
Deməli, bu ayələrdə "yəvm-gün" sözünün ifadə etdiyi məna gecənin ziddi olan gündüz deyil. Çünki göylərin və yerin yaradılışı zamanı qeyd edilən və zamanlama meyarı olan bu günün (gündüzün) meydana gəlməsi üçün hələ nə yer vardı, nə də ki, Günəş. Deməli, bu ayələrdəki "gün" sözünün çatdırmaq istədiyi məna "dövr", "mərhələ" və müəyyən zaman kəsiyidir. 
Əlbəttə, ayələrdən çıxan məna yerin iki, göylərin də iki günə yaradılışıdır. Yerin iki günə yaradılması dedikdə yaradılışın iki mərhəllədən ibarət olması ehtimalı da var. Birnici (gündə) mərhələdə qaz və maye şəklində, ikinci (gündə) mərhələdə isə kristal şəklində yaradılması. Həmçinin göylərin də iki günə yaradılması dedikdə iki mərhələdən ibarət olması ehtimalı da var. Birinci (gündə) mərhələdə qaz və tüstü(duman) şəklində, ikinci (gündə) mərhələdə isə yeddi səma şəklində yaradılması.

(Məarifi-Quran, ilahiyyat, kosmologiya, antropologiya, Misbah Yəzdi, səh.241-243,)
Lakin "Füssilət" surəsində yerin yaşayış üçün zəruri olan azuqəsinin 4 günə yaradılmasını qeyd edən ayənin ifadə etdiyi məna fəsillərdir (ilin 4fəsli) və onun dövran və yaradılışın mərhələlərinə heç bir aidiyyatı yoxdur. Bu fəsillər Yerin Günəş ətrafına çevrəvari hərəkəti nəticəsində yaranır.

(Əlmizan c.17, səh.364.)
Bura qədər aldığımız nəticə bundan ibarətdir ki, Allah-Taala göyləri və yeri 6 mərhələyə yaratdı. Onun iki mərhələsi Yerin yaradılmasına, iki mərhələsi isə göylərin yaradılmasına şamildir. Lakin bu yaradılış keyfiyyətinin hansı surətdə olması məlum deyil. Yerdəki azuqələri isə 4 fəsildə yaratmışdır. Fəslləri yerin azuqəsinin əldə olunmasından ötrü yaradılmışdır. Bura qədər müəyyən həddə "gün" kəlməsinin ehtiva etdiyi məna və ayələrin rabitələri aydın oldu.
 Üçüncü sualın cavabına gəldikdə isə ayələrdəki göylər və yer dedikdə onların istifadə qaydası və kəlamlardakı bənzətmələrdən əldə etdiyimiz nəticə ümumilikdə maddi aləmin nəzərdə tutulmasıdır. Maddi işlər tədrici surətdə həyata keçir. Yaşadığımız bu aləm, maddi bir aləmdir. Maddi varlığın ayrılmaz xüsusiyyətlərindən biri də onun tədricən və müəyyən mərhələləri keçərək təkamül prosesində kamilləşməsidir. Yer və göy də yaşadığımız maddi aləmin bir hissəsi olduğundan bu qaydadan istisna olunmamışdır. 
(Məarifi-Quran, Misbah Yəzdi, səh.253-254, Məzhəbi sual və cavablar, Məkarim Şirazi və Cəfər Sübhani, səh.204)


Bəhruz Əlizadə

Tarix : 2016-10-06Baxış sayı : 99