
Aşura gecəsi hansı əməlləri edək?
Aşura gecəsi nə edək? Hansı əməlləri edək? Belə isə, bu gecəni fürsətdən qaçırtmayaq:
Seyid "İqbal" kitabında bu gecə üçün müxtəlif fəzilətləri özündə ehtiva edən dua və namazlar qeyd etmişdir.
1. Yüz rəkətli namaz. İki rəkət-iki rəkət qılınır. Hər rəkətdə bir dəfə "Fatihə" və 3 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra 70 dəfə: "Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər, və la həuvlə və la quvvətə illa billahil-əliyyil-əzim" deyilir. Başqa bir rəvayətdə "Əliyyil-əzim"dən sonra "İstiğfar" da gəlmişdir.
2. Gecənin axırında 4 rəkətli namaz qılmaq (iki dənə iki rəkətli). Hər rəkətdə "Fatihə" surəsindən sonra, "Ayətəl-kürsi", "İxlas", Fələq", "Nas" surələri hər biri 10 dəfə oxunur. Namazın salamından sonra yüz dəfə "İxlas" surəsi oxunur.
3. Dörd rəkətli namaz (İki rəkət iki rəkət qılınır). Hər rəkətdə "Fatihə" surəsi və 50 dəfə "İxlas" surəsi oxunulur. Bu namaz möminlərin əmiri Əlinin (ə) namazı ilə uyğundur. Bu namazın yüksək fəziləti var. Seyid bu namazı qeyd etdikdən sonra deyir: Dördüncü rəkətin salamını dedikdən sonra Allah-Taalanın zikrini, Onun Rəsuluna salavat deməyi, düşmənlərinə lənət göndərməyi bacardığın qədər çox et.
4. Bu gecə əhya saxlamağın (səhərə qədər oyaq qalmaq) fəzilətli olduğu rəvayət olunur. Belə ki, bu gecə əhya saxlayan şəxs sanki Allaha ibadət edən bütün mələklərin ibadətini etmişdir və bu gecə edilən ibadətin əcri yetmiş ilin ibadətinə bərabərdir. ("Məfatihul-cinan" əsasında)
***
Dəyərli dostlarım, bu mübarək gecədə bizi də dualarınızda yad edin. Allah dua və ibadətlərinizi qəbul etsin. Amin!